Ermənistan
30 ilə yaxın müddətdə Azərbaycan ərazilərinin 20%-ni işğal altında saxlayıb və
etnik təmizləmələr həyata keçirib. Mülki əhaliyə qarşı müxtəlif hərbi
cinayətlərə imza atıb, Xocalı qətliamını törədib. Nəticədə Azərbaycanın 800 min
nəfərdən artıq vətəndaşı öz doğma yurd-yuvasından məcburi köçkün düşüb.
İşğal
dövründə Ermənistan Azərbaycanın kənd və şəhərlərini viran qoyub, bölgə
əhalisinin mal və mülklərini talan edib, tarixi və mədəni abidələri
barbarcasına dağıdıb, mədəni irsi məhv edib.
Ermənistanın işğalçılıq siyasəti, bölgədə sülh və əmin-amanlığa, onun
ümumi inkişafına ciddi zərbə vurub. Lakin
27 sentyabr 2020-ci il tarixində erməni silahlı birləşmələrinin törətdiyi
təxribatlara qarşı Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyevin
rəhbərliyi ilə ordumuzun başladığı uğurlu əks-hücum əməliyyatlarında - 44
günlük Vətən Müharibəsində xalqımızın, hərbi qulluqçularımızın, könüllülərin
göstərdiyi şücaət sayəsində ərazilərimizin əksər hissəsi işğalçılardan azad
edilib. Bu
müharibənin gedişində də Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı hərbi
cinayətlər törətməkdən çəkinməyib. Gəncə və Tərtər başda olmaqla Azərbaycanın
şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulub.
Nəticədə aralarında uşaq və qadınların da olduğu 100-ə yaxın mülki vətəndaş
həlak olub, dörd yüzdən çox mülki vətəndaş yaralanıb, beş mindən çox ev
dağıdılıb. Ali
Baş Komandanın və rəşadətli ordumuzun qətiyyəti sayəsində cəmi 44 gün ərzində
Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edilib. Müharibədə
hər iki tərəfdən çoxsaylı itkilər olsa da, Azərbaycan BMT Təhlükəsizlik
Şurasının 1993-ci ildə qəbul etdiyi dörd qətnaməsinin (822, 853, 874 və 884
saylı) tələblərini təkbaşına yerini yetirib. ATƏT-in Minsk qrupunun illərlə
davam edən nəticəsiz danışıqlarının predmeti olan məsələ öz həllini tapıb.
Azərbaycan Ermənistanı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannaməni
imzalamağa vadar edib. Ermənilər
bu gün də öz terrorçu mahiyyətindən əl çəkmir, vaxtaşırı Azərbaycana qarşı
təxribatlar törədir, milli ordumuzun mövqelərini atəşə tutur, dövlət
sərhəddimizi pozmağa çalışırlar. Bütün bunlara baxmayaraq, bəzi xarici
qüvvələrin hələ də Ermənistanın bölgəmizdə sülhü təhdid edən siyasətinə dəstək
verməsi, qondarma Dağlıq Qarabağ subyektindən danışması böyük təəssüf və
təəccüb doğurur.
Bu
gün Azərbaycanın qarşısında “Böyük qayıdış” layihəsinin icrası dayanır.
İşğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi, ətraf mühitin, su
ehtiyatlarının qorunması şərtilə infrastrukturun inşası, məcburi köçkünlərin öz
yurdlarına qaytarılması Azərbaycanın əsas hədəfidir. Bunun üçün Azərbaycana
uzunmüddətli sülh lazımdır. Azərbaycan dəfələrlə Ermənistana kommunikasiyaların
açılması, qonşu dövlətlər arasında münasibətlərin normal məcraya dönməsi ilə
bağlı çağırış edib. Biz tezliklə üçtərəfli bəyannamənin tələblərinin tam yerinə
yetirilməsini istəyirik.
|