Partiya  Asim Mollazadə: “Köhnə imperiya təfəkkürünün zamanı bitib”-

Ermənistanın xülyalardan, sarsaq iddialardan əl götürüb Azərbaycanla sülh sazişi bağlaması öncə ona, sonra bölgəyə gözəl perspektiv vəd edir. Lakin bu işin alınması üçün dönən çarxa hər dövlət bir çomaq soxur.


Bölgədə daimi sülhün olmasında Türkiyənin marağı və rolu çoxdur. Rusiya da ənənəvi qızışdırıcı mövqedən imtina edib. Putinin tutduğu xətt budur ki, Azərbaycan öz torpaqlarını qaytarsın, bunu Rusiya prezidenti 44 günlük müharibə zamanı açıq söyləmişdi. O, bu xəttə hələ də sadiqdir. Pakistan, İsrail də Azərbaycanın işğaldakı torpaqlarını azad etməsinə artıqlamasıyla və gözlədiyimizdən çox dəstək verdi, hazırda da bu dəstəyi verməkdədir. Nə qədər qəribə səslənsə də, bölgədə sülhün olmasını istəməyən bir sıra Avropa ölkələri və İrandır. Hər halda, Fransanın, İranın, bəzi Avropa Birliyi ölkələrinin bəyanatları, davranışları, işğalçı Ermənistana yanaşmaları bunu deməyə əsas verir.


Bəs bu siyasətin arxasındakı maraq nədir? Türk-müsəlman dövləti olan Azərbaycanın böyüməsini, inkişafını istəmirlər? Bölgənin açar dövləti olan Azərbaycan Qarabağ məsələsini birdəfəlik həll etdikdən sonra sürətlə böyüyəcək - həm iqtisadi-siyasi, həm də ərazi baxımdan. Qarabağ bir düyün idi, o düyün çözüldükdən sonra başqa ərazilərimizin də geri qaytarılması bizim üçün prioritet olacaq. Bu da əksər güclərin marağında deyil...


Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə sualımıza ümumi şəkildə belə cavab verdi: “Bir sıra ölkələr öz gücünü görmək üçün zəif tərəf müqabili görmək istəyirlər. Zəifi idarə etmək çox asandır. Böyük imperiyaların parçalamaq siyasəti bu gün də dayanmır. Yeganə alternativ yol əməkdaşlıq sistemidir. Bu əməkdaşlıq da hamının maraqlarını əhatə etməlidir. Azərbaycan çalışır ki, əməkdaşlıq nəticəsində nələrsə əldə etsin. Müsbət nəticələrin qazanılmasına çalışırıq. Artıq köhnə imperiya təfəkkürünün zamanı bitib. Eyni hüquqla yaşamaq zamanıdır. Dünya bu istiqamətdə inkişaf edəcəkdir. Böyük güclərin savaşı heç kəsə, hətta onların özlərinə belə xeyir verməyib. Onun üçün əməkdaşlıq dünyası, hüququn aliliyi hər yerdə aparıcı bir sistemə çevrilməlidir. İnsanların gələcəyi bunun üzərində qurulmalıdır. Müsbət nəticələr də bu yollarla əldə olunacaq. Müharibələrdən keçən yollar sonunda məhvə gətirib çıxarır. Çalışmalıyıq ki, bizim bölgə tamam fərqli bölgəyə çevrilsin”.....


Cavanşir ABBASLI,

“Yeni Müsavat”

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə