Partiya  Bakı “Taliban” hökumətini bu şərtlərlə tanıya bilər-
Dövlət başçısı Əfqanıstanda yeni qurulan hökumətdən müsbət meyl gördüyümüz halda adekvat münasibəti istisna etmədi; ekspert: “ABŞ, Çin, Türkiyə, Rusiya, Avropa İttifaqı əməkdaşlıq etməyin mümkün olacağını qeyd ediblərsə, Azərbaycan nəyə görə əməkdaşlıqdan imtina etsin?!”
“Taliban” iki aya yaxındır ki, Əfqanıstanda hökumət quraraq, ölkədə idarəetməni demək olar ki, tam ələ alıb. Amma hələ ki, heç bir ölkə “Taliban”ı tanımaqla bağlı bəyanat verməyə tələsmir. Qonşu Pakistanın baş naziri İmran Xan iki gün əvvəl ABŞ-a “Taliban”ı tanımaqla bağlı çağırış edib. Əfqanıstana yaxın postsovet ölkələrinin hansı qərar verəcəyi də maraq doğurur.
Yeri gəlmişkən, “Taliban” hökumətinin xarici işlər naziri Əmir Xan Müttəqi Türkiyəyə gəlib. “Khaama” agentliyinin verdiyi xəbərə görə, bu barədə Əfqanıstan Xarici İşlər Nazirliyinin sözçüsü Abdul Qəhər Bəlxi bildirib. Onun sözlərinə görə, Qətərdə səfərdə olan Əmir Xan Müttəqinin səfəri Türkiyə XİN rəhbərinin dəvəti ilə reallaşır. Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatına üzv bir neçə ölkənin xarici işlər nazirlərinin yaxın zamanda Kabilə səfəri gözlənilir. Türkiyə və İndoneziya xarici işlər nazirlərinin bu səfərdə iştirak edəcəyi artıq təsdiqlənib.
“Biz hazırda hər hansı bir addımın atılması mərhələsində deyilik. Azərbaycan bilavasitə Əfqanıstana yaxın coğrafiyada yerləşmir. Hesab edirəm ki, ilk olaraq, bu qərarı Əfqanıstanın qonşuları verməlidir. Biz heç vaxt nə siyasi, nə iqtisadi, nə də ki, nəqliyyat sahəsi baxımından Əfqanıstanla sıx bağlı olmamışıq. Bizim Əfqanıstanda mövcudluğumuz orada sülhməramlı əməliyyatlarda iştirakla məhdudlaşıb”. Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinin əməkdaşının “Siz Taliban hökumətini tanımağa hazırsınızmı” sualına cavab olaraq belə deyib. Dövlət başçısı deyib ki, hazırda Əfqanıstanda yeni hökumətin qurulması və xarici siyasət prioritetlərinin müəyyən edilməsi dövrüdür: “Müsbət meyl, müsbət yanaşma və potensial əməkdaşlıq əlamətləri gördüyümüz halda biz, əlbəttə ki, adekvat şəkildə cavab verəcəyik. Azərbaycanın xarici siyasətinin başlıca prinsipi müstəqillikdir. Xarici siyasətimiz tamamilə hər hansı xarici hökmranlıqdan azaddır. İkincisi isə praqmatiklikdir. Biz mövqeyimizi məhz bunun əsasında formalaşdırırıq”.
Sonuncu tezislə Azərbaycan Prezidenti ölkəmizin xarici siyasətinin konturlarını açıqlamış oldu, “Taliban”ın rəsmən tanınması üçün vacib olan şərtləri açıqladı. Bu qərarı öncə qonşu dövlətlərin verməsinin vacibliyini vurğuladı. Azərbaycanın “Taliban” şərti, qonşuları və superdövlətlər Əfqanıstanda hakimi-mütləq olan silahlı qruplaşmanın siyasi qanadı ilə anlaşma əldə edə biləcəklərmi? Türkiyənin də bu məsələdə verə biləcəyi qərar Azərbaycana da təsiri ola bilərmi?
Deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Əfqanıstanda hakimiyyətə gələn “Taliban”la əməkdaşlıq istiqamətində beynəlxalq ictimaiyyətin, beynəlxalq qurumların mövqeyini gözləyəcək. A.Mollazadənin sözlərinə görə, Bakı bu məsələdə beynəlxalq hüququn aliliyi ilə hərəkət edəcək: “Əgər BMT tərəfindən Əfqanıstandakı bu hökumət tanınacaqsa, Türkiyə kimi dost ölkələr bu yöndə addımlar atacaqlarsa, əlbəttə, Azərbaycan da adekvat siyasət yürüdəcək. Azərbaycan Əfqanıstana humanitar dəstək verib, pandemiya və digər problemlərlə bağlı kömək edib. Bu yöndə siyasətimizi davam etdirəcəyik”.......
Emil SALAMOĞLU
“Yeni Müsavat”
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə