Demokratik İslahatlar Partiyasının sədri, ixtisasca həkim olan millət
vəkili, tibb elmləri doktoru Asim Mollazadə əhaliyə vaksinasiya ilə bağlı
müraciət edib.
O bildirib ki, son zamanlar Azərbaycanda koronavirusa yoluxma hallarının
artdığı müşahidə edilir. Bu, virusun yeni və daha sürətlə yoluxduran
ştamlarının ölkədə yayılması ilə bağlıdır. Millət vəkili bunu əhalinin böyük bir hissəsinin vaksinasiyadan
keçməməsi ilə əlaqələndirib. Odur ki, ölkə əhalisini vaksinasiya prosesinə
ciddi yanaşmağa çağırıb: “Mütləq vaksinasiya etdirmək lazımdır. Dövlət Azərbaycanı hər növ
vaksinlə təmin edib. Biz xəstəliyin yayılmasının qarşısını vaksinlə, immuniteti
artırmaqla, immun cavabını əldə etməklə ala bilərik. Hansısa təhlükənin,
qapanmanın, karantinin olmaması üçün mütləq əhalinin böyük bir hissəsi
vaksinasiya prosesindən keçməlidir. Əks halda bunun çox pis fəsadları olacaq.
Vaksin olunmayan vətəndaşlarımız ciddi xəstəliklə mübarizədə immunitetsiz
qalacaqlar. Bu isə epidemiyanın daha geniş vüsət almasına səbəb olacaq. Ona
görə də hamı vaksin üçün müraciət etməlidir”.
Asim Mollazadə qeyd edib ki, vaksinin hər hansı fəsadları yoxdur və onu
qəbul edərkən həyatımıza hansısa təhlükə yaranmır. Ancaq kütləvi vaksinasiya
bizi epidemiyanın ağır fəsadlarından qoruya bilər.
|