Partiya  Növbəti Qələbə yaxınlaşır: Zəngəzur dəhlizi bölgəyə nə verəcək?-

101 il sonra dalandan işığa: Hədəf böyükdür, söhbət 1,1 trilyon dollardan çox dəyəri olan dəhlizdən gedir


Bildiyimiz kimi, oktyabrın 26-da türk dünyasının iki lideri - Azərbaycan və Türkiyə prezidentləri Zəngəzur dəhlizinin-Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoydular. Bütövlükdə bölgə, eyni zamanda, türkdilli ölkələr üçün strateji əhəmiyyət daşıyacaq bu təməlqoyma regionda yeni düzənin formalaşdığını bir daha təsdiq etdi. Dəhliz Zəngəzur bölgəsindən keçməklə Şərqi Zəngəzurun infrastrukturunu da özünə inteqrasiya etdirəcək. Bu baxımdan təməli qoyulan yeni avtomobil yolu Zəngəzur dəhlizinə inteqrasiya olunacağı üçün onun infrastruktur elementinə çevriləcək.


Zəngəzur dəhlizinin açılması ölkə iqtisadiyyatıni inkişaf etdirməklə yanaşı, Azərbaycanın regionda çəkisini artıracaq. Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, inkişafa yeni nəfəs verəcək. Bu dəhliz, həmçinin Qərbdən Şərqə uzanan ticarət yollarının mayakına çevriləcək. Zəngəzur dəhlizinin istifadəyə verilməsi region dövlətləri ilə yanaşı, türkdilli dövlətlərin də iqtisadi inkişafına böyük töhfə olacaq. Zəngəzur dəhlizinin reallaşması və ölkəmizin təqdim etdiyi digər tranzit nəqliyyat dəhlizləri dünyanın nəqliyyat xəritəsini yenidən formalaşdırır. Zəngəzur dəhlizi Avropanı Asiya ilə birləşdirən çox önəmli nəqliyyat arteriyası olacaq. Zəngilan rayonu isə beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcək.


Qeyd edək ki, Zəngəzur hazırda bir hissəsi Ermənistan ərazisində olan qədim Azərbaycan torpağıdır. 1920-ci ildən Azərbaycanla Naxçıvanı bir-birindən ayrı salan bu ərazi indi bizi yenidən birləşdirəcək. Zəngəzur dəhlizi Zəngilan ərazisindən keçir. Dəhliz açıldıqdan sonra uzun illər blokadada qalmış Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası bu blokadadan xilas olacaq. Tarixi ərazimiz olan Zəngəzura 101 ildən sonra yenidən qayıdacağıq. Zəngilanı Naxçıvandan ayıran 40 kilometrlik Zəngəzur dəhlizinin bərpa olunması yeni iqtisadi perspektivlər yaradacaq. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, daha sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi qələbəsi olacaq.


Türk dünyasının coğrafi birləşməsi


Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Qarabağ münaqişəsi bitdikdən sonra bölgədə yaranmış yeni geosiyasi və iqtisadi reallıq regional əməkdaşlığın yeni fazaya keçməsini şərtləndirir. İndi Azərbaycan Zəngəzur dəhlizini reallaşdırmaq üçün regional səylərin birləşdirilməsinə çalışır: “Zəngəzur dəhlizinin təməl daşını iki qardaş ölkənin prezidentləri qoyaraq, bu dəhlizin həm Azərbaycan, həm Türkiyə ümumilikdə isə bütün bölgə üçün mühüm əhəmiyyət kəsb etdiyini göstərdilər. Əslində, bu dəhliz çox mühüm bir kommunikasiya layihəsi olmaqla yanaşı, eyni zamanda, bölgədə əməkdaşlıq, ticarət, iqtisadi əlaqələri gücləndirən korridor olduğu üçün bu dəhlizin açılması bir sıra region ölkələrinin də maraqlarındadır. Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirəcək, Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında əlaqələri gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artıracaq. Türkiyə bu dəhlizdən istifadə edərək əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycana birbaşa quru yolu əldə edəcək.  Digər tərəfdən, Zəngəzur dəhlizi həm də Türkiyə üçün Orta Asiyaya bir ticarət qapısı rolunu oynayacaq və bu ölkənin türk dünyası ilə iqtisadi əlaqələrini gücləndirməsinə imkan verəcək.”


Zəngəzur dəhlizi regionun "Orta dəhliz'dəki mövqeyini daha da gücləndirəcək


A.Mollazadənin sözlərinə görə, Zəngəzur dəhlizi Rusiya üçün Cənubi Qafqaz və qonşu ölkələrə yük daşımalarında əsas marşruta da çevrilə bilər: “Rusiya qatarları Azərbaycan ərazisindən Zəngəzur dəhlizinə keçə, bununla da Ermənistan, Türkiyə, İran və Cənubi Asiya ölkələrinə istiqamətlənə bilər. Başqa sözlə, bu dəhliz təkcə Türkiyə ilə Rusiya arasında ticarət əlaqələrinə müsbət təsir göstərməyəcək, həm də Moskvanın Türkiyə vasitəsilə Yaxın Şərqdəki bazarlara çıxışı üçün alternativ marşrut olacaq. Üstəlik, Zəngəzur dəhlizi Rusiyanın regiondakı əsas müttəfiqlərindən olan Ermənistana quru yolla çıxa bilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Bir sözlə, Zəngəzur dəhlizinin yaradılması ilə region ölkələri qarşısında yeni imkanlar açılacaq. Bu dəhlizin istifadəyə verilməsi regional nəqliyyat şəbəkəsinin genişlənməsinə səbəb olacaq, region dövlətləri arasında qarşılıqlı iqtisadi əlaqələri stimullaşdıracaq. Bundan başqa bu, regionun beynəlxalq dəhlizlərdəki ("Şimal-Cənub'', "Orta dəhliz'') mövqeyini daha da gücləndirəcək."....


Yaqut Ağaşahqızı, “İki sahil”

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə