Partiya  Demokratik İslahatlar Partiyasının “Zəfər Günü” ilə bağlı bəyanatı-

Azərbaycan Silahlı Qüvvələri 2020-ci ilin 8 noyabrında Şuşanı işğaldan azad edərək böyük zəfərə imza atıb. Həmin gün həm də 30 il ərzində ərazilərimizi işğal altında saxlayan Ermənistanın məğlubiyyətə uğradığı və onu etiraf etməyə məcbur olduğu gündür.

44 günlük Vətən Müharibəsi Azərbaycan xalqının əzmini, işğal faktoru ilə barışmadığını və ərazilərini heç kəsə heç bir halda güzəştə getməyəcəyini bütün dünyaya nümayiş etdirdi. Bu möhtəşəm qələbədə Azərbaycan ordusunun, Ali Baş Komandanın, böyükdən kiçiyə hər bir azərbaycanlının danılmaz əməyi var. Biz bu müharibədə təkcə Ermənistanla deyil, onun dünyadakı havadarları və erməni lobbisinin onilliklər boyu hər vasitə ilə ələ aldığı xarici siyasi qüvvələrlə vuruşmalı olduq. Bu müharibə təkcə düşmənlə təmas xəttində deyil, həm də daha kəskin şəkildə virtual məkanda, informasiya mühitində gedirdi. Həmin günlər ölkəmizdə hər kəs özünü vətənin əsgəri kimi aparmağı bacardı. Kimi hərbçi, kimi çağırışçı, kimi könüllü kimi qeyd-şərtsiz vətən torpaqlarının azad edilməsi üçün sinəsini qabağa verdi, kimi də arxa cəbhədə, informasiya və diplomatiya məkanında vuruşdu. Xalqımızın Ali Baş komandanın ətrafında ümumi düşmənə qarşı sıx birləşməsi, əzmkarlığı və şanlı ordumuzun göstərdiyi rəşadət sayəsində başımız yuxarı qalxdı. Biz “Qarabağ Azərbaycandır” deyib döyüş meydanına atıldıq və “Dəmir yumruq”la düşmənin başını əzdik. 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi.

Müharibədə hər iki tərəfdən çoxsaylı itkilər olsa da, Azərbaycan BMT Təhlükəsizlik Şurasının 1993-ci ildə qəbul etdiyi dörd qətnaməsinin (822, 853, 874 və 884 saylı) tələblərini təkbaşına yerini yetirdi. ATƏT-in Minsk qrupunun illərlə davam edən nəticəsiz danışıqlarının predmeti olan məsələ öz həllini tapdı. Azərbaycan Ermənistanı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannaməni imzalamağa vadar etdi.

Bu, bizə həm də regionda söz sahibi olmaq imkanı yaratdı. Artıq başqaları bizimlə əmr, tələb, bəyanat dilində danışmağa cürət etmir, bizimlə bərabərhüquqlu xalq, dövlət kimi davranmaq məcburiyyətindədir.

Bizə bu möhtəşəm günləri, bu ali hissləri, qələbə sevincini yaşatdığı üçün başda Ali Baş Komandan olmaqla Azərbaycan Silahlı Qüvvələrinin zabit və əsgər heyətinə, çağırışçılara, könüllü döyüşçülərə minnətdarıq!

Zəfər Günü münasibətilə Ali Baş Komandan, cənab İlham Əliyevi, Birinci Vitse-prezident Mehriban Əliyevanı, bütün Azərbaycan xalqını ürəkdən təbrik edirik! Bizim bu möhtəşəm qələbə sevincini yaşamağımız üçün öz canından, həyatından keçən şəhidlərimizi hörmət və rəhmətlə anırıq! Yaralı qazilərimizə şəfa, döyüşçülərimizə, müharibə veteranlarına can sağlığı, uzun ömür arzulayırıq! Ölkənin ən böyük hörmətə layiq  təbəqəsi olan şəhid ailələrinə səbr diləyirik! “Qarabağa qayıdış” layihəsinin tezliklə tam şəkildə reallaşacağına, məcburi köçkünlərin öz doğma yurd-yuvalarına dönəcəyinə inanırıq!

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə