Partiya  Asim Mollazadə: “Müharibə hələ bitməyib, ordunu ən müasir silahlarla təchiz etməli və informasiya savaşına dəstək verməliyik”-

2021-ci il üçün nəzərdə tutulan dövlət büdcəsi layihəsinin sosial yönümlü olması, ilk növbədə şəhid ailələri, müharibə əlilləri üçün nəzərdə tutulan müavinətlərin və təqaüdlərin, ölkədə maaşların, minimum əmək haqlarının artması çox müsbət haldır.  

Bunu Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə noyabrın 11-də Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında 2021-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

“Müharibə hələ bitməyib. Azərbaycan silahlı qüvvələrinin yeni müasir silahlarla təchiz olunması vacibdir. Bununla yanaşı, informasiya müharibəsini aparmaq üçün gənclərin səfərbər edilməsinə, Gənclər və idman Nazirliyinə xüsusi dəstək verilməsinə ehtiyac var. Diplomatik müharibə aparmaq üçün də səfirliklərin sayının artırılması, vaxtilə bağlanmış diplomatik nümayəndəliklərin bərpası lazımdır. Çünki Azərbaycanın daha çox dost qazanması üçün diplomatik fəaliyyət önəmlidir”, - Asim Mollazadə deyib.

O qeyd edib ki, bu mərhələdə diasporumuzun gücləndirilməsi, Türkiyə və Azərbaycan diasporlarının birləşərək dünya miqyasında birgə iş aparması çox önəmlidir.

Millət vəkilinin fikrincə, “Böyük qayıdış” layihəsinə də diqqət yetirmək lazımdır. İlk növbədə Qarabağın zəngin su ehtiyatlarından səmərəli istifadə edilməli, yeni suvarma sistemlərinə üstünlük verilməlidir.

“Qarabağın meşələri də yenidən salınmalıdır. Bütün ölkədə yaşıllaşdırma işləri görülməli və “Yaşıl Azərbaycan” layihəsi həyata keçirilməlidir. Ətraf mühitlə bağlı layihələrin hazırlanması üçün parlamentin müvafiq komitəsinə Maliyyə Nazirliyi tərəfindən dəstək verilməlidir”, - deputat deyib.

Asim Mollazadə ətraf mühitin qorunması üçün Azərbaycana elektrik mühərrikli avtomobillərin gətirilməsi və ya ölkədə istehsalı ilə bağlı müəyyən addımların atmasına ehtiyac olduğunu da deyib. Onun fikrincə, hava mühitinə ən çox zərər vuran avtomobillərdir.

“Azərbaycanda elektrik mühərrikli avtomobillərin həm idxalı, həm də istehsalı ilə bağlı müəyyən addımlar atılmalıdır. Hesab edirəm ki, Gəncə Avtomobil Zavodunda elektrik mühərriklərinin istehsalı üçün imkan var. Burada dövlət rərəfindən də müəyyən dəstək ola bilər. Elektrik mühərrikli avtomobillərin ölkəyə gətirilməsi ilə bağlı güzəştlər müəyyən edilərsə, bu da bir stimul ola bilər. Əgər hələlik biz özümüz bunu istehsal edə bilmiriksə, idxal olunmasını stimullaşdırmalıyıq” –Asim Mollazadə əlavə edib. 

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə