Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun nümayəndə heyəti Vaşinqtonda səfərdədir. Nümayəndə heyətinin tərkibində işçi qrupun rəhbəri Səməd Seyidov və qrupun üzvləri Asim Mollazadə, Erkin Qədirli və Nigar Arpadarai yer alıblar. Deputatlar Azərbaycanın ABŞ-dakı səfirliyi
tərəfindən ABŞ-Azərbaycan parlamentlərarası əlaqələrinin gücləndirilməsi və gündəlikdə
olan məsələlərin müzakirəsi məqsədilə ABŞ Konqresinin Senatında, ABŞ Nümayəndələr
Palatasında və ABŞ Dövlət Departamentində bir sıra görüşlər keçiriblər. Ötən gün Azərbaycan-ABŞ parlamentlərarası
əlaqələr üzrə işçi qrupunun dörd nəfərdən ibarət nümayəndə heyətinin iştirakı ilə ABŞ-ın nüfuzlu “Atlantik Şurası” beyin mərkəzində dəyirmi masa müzakirələri keçirilib. Müzakirələr zamanı ikitərəfli ABŞ-Azərbaycan
münasibətləri, bölgəmizdə Vətən müharibəsindən sonra yaranmış vəziyyət barədə fikir
mübadiləsi aparılıb, tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb. Səfərdə iştirak edən millət vəkili, Demokratik
İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib ki, bu gün ABŞ Konqresinin
Xarici Əlaqələr Komitəsinin sədri Qreqori Miks (Gregory Meeks), beynəlxalq hüquq
və ədalət uğrunda mübarizə aparmış, Azərbaycanın əsl dostu, Konqresin Azərbaycan
Qrupunun həmsədri, Texas ştatından olan konqresmen Henri Cuellar (Henry Cuellar)
və kaliforniyalı konqresmen Cey Obernolte (Jay Obernolte) ilə görüşüblər. Bu görüşlərdə Azərbaycan-ABŞ münasibətlərinin bütün
spektri müzakirə edilib. Nümayəndə heyətinin səfəri noyabrın
21-də başa çatacaq.
|