Demokratik
İslahatlar Partiyası "Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin
davamı və inkişafı uğrunda" mükafatı 2020-2021-ci illərdə ona layiq
görülən jurnalistlərə təqdim edib.
Sözügedən
mükafat və müvafiq diplom Ermənistan-Azərbaycan
münaqişəsi, ölkənin siyasi həyatı ilə bağlı obyektiv yazılarına görə Leyla
Tarverdiyevaya (day.az saytının əməkdaşı),
ölkənin ictimai-siyasi həyatı ilə
bağlı obyektiv məqalələrinə görə Emil Salamoğluna (“Yeni Müsavat” qəzetinin
əməkdaşı), 44 günlük Vətən Müharibəsi dövründə
döyüş bölgəsindən verdiyi operativ və obyektiv reportajlara, eləcə də
müharibədən əvvəlki dövrdə populyar olan "Vətənə xidmət edirəm" adlı
layihəsinə görə Elmira Musazadəyə
(CBC telekanalının əməkdaşı) və 44 günlük Vətən Müharibəsi dövründə cəbhənin
qaynar nöqtələrindən verdiyi operativ və obyektiv xəbərlərə görə İbrahim
Həşimova (Kamiloğlu) ( "Xəzər” telekanalının əməkdaşı) təqdim edilib. DİP sədri,
millət vəkili Asim Mollazadə Azərbaycanın milli və çağdaş mətbuatının yaranması
və inkişafında əvəzsiz xidmətləri olan iki böyük şəxsiyyətin adını daşıyan bu
mükafatı ona layiq olan jurnalistlərə təqdim etməkdən qürur duyduğunu bildirib.
Onlara bu şərəfli və çətin yolda böyük uğurlar arzulayıb. Qeyd edib ki, hərbi
əməliyyatlar başa çatsa da, Vətən Müharibəsi hələ bitməyib, növbəti mərhələyə
keçib. Bu mərhələ də Azərbaycanın haqq davasının bütün dünyaya düzgün
çatdırılmasından, düşmənlərin bizə yönələn informasiya müharibəsinin qarşısının
alınmasından, ona layiqli cavabların verilməsindən ibarətdir. Bu mərhələdə də
döyüş günlərində olduğu kimi, jurnalistlərin əməyinə, fədakarlığına böyük
ehtiyac var. Ümid edir ki, bu mükafat jurnalistlərə üzərlərinə düşən vəzifələri
daha məsuliyyətlə yerinə yetirmək yolunda mənəvi dəstək olacaq.
Xatırladaq
ki, bu təsisatda məqsəd əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən
qoyulmuş, 20-ci əsrin 90-cı illərində Nəcəf Nəcəfov tərəfindən yenidən
canlandırılmış Azərbaycan mətbuatının maarifçilik ənənələrini davam etdirməyə,
azad, demokratik və peşəkar mətbuatın formalaşması uğrunda yorulmadan mübarizə
aparmağa, obyektiv və məsuliyyətli sözə üstünlük verməyə həvəsləndirməkdir.
Mükafat DİP tərəfindən 2008-ci ildə təsis olunub.
|