Partiya  Bakı Krım tatarlarını Rusiya əsirliyindən qurtarsa... - Zelenskinin Əliyevdən xahişinə fərqli mövqelər-
Ukrayna Prezidenti Vladimir Zelenski azərbaycanlı həmkarı İlham Əliyevdən Krım və Donbasda əsir düşən ukraynalıların azad edilməsi prosesində iştirakı xahiş edib. “Yeni Müsavat” bildirir ki, Brüsseldə görüşən prezidentlərin söhbəti əsnasında Zelenski Əliyevin yardımını istəyib. Görünür ki, o, Azərbaycan Prezidentinin Rusiya lideri Vladimir Putinlə bu haqda danışacağına ümid edib.
“Rusiyada qanunsuz saxlanılan Ukrayna vətəndaşlarının, ilk növbədə Krım tatarlarının azad edilməsi məsələsi mənim əsas prioritetlərimdən biridir”, - deyə Zelenski Əliyevdən kömək istəyib. Bəllidir ki, Əliyevin Putinlə şəxsi münasibətləri kifayət qədər yüksək səviyyədədir. Və bunu Zelenski də bilir. O zaman İ.Əliyev onun istəyini Rusiya liderinə çatdıra bilərmi və çatdırarsa, nəticə necə olar?
Hər halda Ukrayna lideri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan da eyni xahişi etmişdi. Amma Ukrayna Azərbaycana müraciət edirsə, bu o deməkdir ki, Qərb artıq Avrasiyaya diktə edə bilmir. Zelenski Baydendən də Donbasda əsir saxlanılan 450 ukraynalının azad edilməsinə yardım etməsini xahiş edib.
Bildirilib ki, Zelenski ukraynalı girovların adının qeyd olunduğu siyahını Ağ Ev administrasiyasına təqdim edib. Lakin Azərbaycana və Türkiyəyə müraciətin səbəbi Türk dünyasının güclənməsi ilə bağlıdır. Sözsüz ki, Ukrayna da anlayır ki, slavyan ittifaqı olmadığı halda, bu ittifaqa kömək edə biləcək türk alyansı var. Bu baxımdan Kiyev Türk alyansından öz maraqlarına uyğun şəkildə istifadə etməyə çalışır.
Ümumiyyətlə, Ukrayna Azərbaycanla oxşar problemlərlə qarşılaşıb. Dünyanın bir çox yerlərində münaqişə ocaqları var və bütün ölkələr öz ərazilərinin suverenliyini təmin etmək istəyirlər. Bu kimi məsələlərdə Azərbaycan - Ukrayna münasibətlərində müttəfiqlik mövqeyi sərgilənə bilər. Lakin qonşu Rusiyanın maraqlarına zidd olmamaq şərti ilə...
Bəs Bakı bu prosesdə müsbət rol oynaya bilərmi? Kreml bizim xahişimizi necə qarşılayacaq? Hər halda bir var, Putinə onunla soyuq münasibəti olan Bayden ağız açsın, bir də var, yaxşı dostluq əlaqələrində olduğu Əliyev...
Ümumiyyətlə, bu günə kimi bir neçə dəfə əsirlərin dəyişdirilməsi prosesi baş verib. Lakin 450 əsir hələ də Rusiyadadır. Moskvanın Bakıdan erməni əsirlərin İrəvana qaytarılması üçün etdiyi xahişləri Azərbaycanın nəzərə alması, sülhməramlıların keçmiş komandanı Rüstəm Muradovun onları Ermənistana təhvil verməsi Moskvanın yaddaşından silinmiş deyil. Bu mənada Kreml indi ukraynalı əsirlər üçün bizim xahişimizi nəzərə ala bilər. Görəsən Qərbi eşitməyən Moskva Bakıya pozitiv cavab verəcəkmi?
Asim Mollazadə: “Baydenə, Ərdoğana da müraciət edib, Azərbaycan da səsini ucalda bilər, amma...”
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a açıqlamasında xatırlatdı ki, Türkiyə Prezidenti də bu istiqamətdə müəyyən addımlar atıb: “Azərbaycan da səsini ucalda bilər. Amma nəticə olacağına inanmıram. Hazırda vəziyyət elədir ki, repressiv addımlarla Krım hərəkatı məhv edilməkdədir. Ona görə Rusiya-Ukrayna gərginliyi davam edir, gedişat vəziyyətin ağır olduğunu göstərir. Bu baxımdan yaxın müddətdə hansısa dəyişiklik gözləmirəm”.
Deputat qeyd etdi ki, Zelenski Baydenə, Avropa Birliyinə, dünya ölkələrinə də çağırışlar edib: “Heç bir nəticəsi olmayıb. Çünki nə vaxtında yaradılan format davam etdirilmir, nə refrezirator rolu daşıyan Minsk Qrupu kimi bir format bir iş görür, əksinə, vəziyyəti dondurmaqdadır. Ona görə Rusiya-Ukrayna arasında bu proses hələ davam edəcək”......
Emil SALAMOĞLU
“Yeni Müsavat”
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə