Partiya  Dünya iki gücün hədəsi altında: biri “vuracam” deyir, digəri “yıxacam”-
Deputat: “ABŞ demokratiya axtarışında olsaydı, Əfqanıstanı yiyəsiz qoymazdı”
Rusiya Prezidenti Vladimir Putin “Rossiya-1” kanalına açıqlamasında deyib ki, ABŞ və NATO Moskvaya təhlükəsizlik zəmanəti verməkdən imtina edərsə, Kremlin cavabı çox fərqli olacaq. O, Kremlin cavabının rus hərbi ekspertlərin verəcəyi təkliflərdən asılı olduğunu bildirib.
“Rusiya ABŞ və NATO-ya öz təkliflərini “nəyisə ört-basdır etmək və dayandırmaq” üçün deyil, diplomatik danışıqlarda qanunla təsbit olunmuş nəticəyə nail olmaq üçün irəli sürüb. Biz bunun üçün çalışacağıq. Rusiyanın NATO-nun daha da Şərqə doğru genişlənməsinə reaksiyası çox ciddi olacaq”, - deyə Putin vurğulayıb.
Bu arada ABŞ Prezidenti Co Bayden “Telegraph”a müsahibəsində söyləyib ki, 2022-ci il 2021-ci ildən daha pis il olacaq: “Koronavirus pandemiyasının qarşıdakı ildə də davam edəcəyi gözlənilir. Lakin 2022-ci il demokratiyanın inkişafı ili olacaq, demokratikləşmə üçün daha böyük hədəflərə nail olacağıq”.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə AYNA-ya açıqlamasında bildirib ki, bu gün dünyada həm Putinin, həm də Baydenin söylədiklərinin əksi olan proseslər gedir: “Onlar özlərini münəccim kimi göstərsələr də, adətən proqnozları özünü doğrultmur. Rusiya uzun illərdir NATO-nu, NATO isə Moskvanı hədələməklə məşğuldur. Vaxtaşırı olaraq dünya müharibəsinin başlayacağını, Ukrayna məsələsinə görə, bir-birilərinə qarşı hərbi əməliyyatlara start verəcəklərini söyləsələr də, bunlar baş vermir. Çünki hər ikisi anlayır ki, bunun axırı nə ilə bitəcək. Bu səbəbdən bu kimi bəyanatlardan təzyiq vasitəsi kimi istifadə edirlər”.
“Putin uzun illərdir Qərbi hədələyir. Amma gözünün qarşısında NATO onun sərhədlərinə doğru irəliləyir. Qərb illərdir Kremli təhdid edir, Putin isə öz işində-gücündədir. Bütün bunlar sadəcə dünya ictimai rəyini çaşdırmaq məqsədi güdür”, - deyə deputat vurğulayıb.
O ki qaldı Baydenin demokratiya açıqlamasına, Mollazadənin fikrincə, ABŞ demokratiya axtarışında olsaydı, Əfqanıstanı yiyəsiz qoymazdı: “Əfqanıstanda ABŞ-dan mərhəmət uman insanlar təyyarənin yedəyindən yapışırdılar. Amerika isə bütün bunlara göz yumurdu. Ərəb dövlətlərini, lap elə Ukraynanın özünü nə günə qoydular… Demokratiya xaricdən idxal olunmur. Bu, faciələrə, təhlükələrə, sabitliyin pozulmasına gətirib çıxarır. Yaxın tarixdə belə halları az görməmişik”.
ADİP sədri əlavə edib ki, nə Putinin, nə də Baydenin bəyanatlarına ciddi yanaşmaq lazımdır: “Nə Putinin dediyi kimi, Rusiya Qərbə qarşı hərbi cəbhə açmağa hazırlaşır, nə də Baydenin söylədiyi kimi, dünya demokratiyaya “hamilədir”. Sadəcə dünyanın nəzərləri onların üzərindədir və bu səbəbdən nələrsə deməlidirlər. Nəsə deməlidirlər deyə belə məzmunsuz açıqlamalar verirlər”....
Müəllif: Azər Niftiyev
Ayna.az
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə