Partiya  Fransa NATO-dan çıxarsa...-
Deputat: “Fransanın NATO-nu tərk etməsi bu təşkilatı ciddi zəiflətməyəcək”
Fransa prezidentliyinə əsas namizədlərdən olan Jan-Lük Melenşon hakimiyyətə gələcəyi təqdirdə, ölkəsinin NATO-dan çıxması ilə bağlı müzakirələrə başlayacağını bəyan edib. “Le Monde” qəzetinə müsahibəsində prezidentliyə namizəd deyib ki, Fransa hərbi məsələlərdə müstəqilliyini bərpa etmək üçün NATO-dan çıxmalıdır: “Biz NATO-dan çıxmalıyıq. Mən, ilk növbədə, hərbi suverenliyimizi bərpa etmək istəyirəm. Nüvə silahlarının qarşısının alınması qüvvələrinə malik olan Fransa müstəqil olmalı və silah istehsalı məsələlərində ABŞ-dan asılı olmamalıdır”.
“Niyə biz Ukraynanın sərhədlərini qorumalıyıq? İstəyirəm ki, Fransa alyanslardan azad olsun və qloballaşmanın alternativ yollarını dəstəkləsin”, - deyən Melenşon seçkilərdə qalib gələcəyi halda bu istiqamətdə ciddi addımlar atacağını söylədiklərinə əlavə edib.
Qeyd edək ki, bundan öncə vahid Avropa ordusunun yaradılması ilə bağlı müzakirələr də gündəmə gəlmişdi. Əksər analitiklər hesab edir ki, Fransa və digər Avropa dövlətləri həm hərbi, həm də siyasi baxımdan ABŞ-dan asılıdır və məhz bu səbəbdən müstəqil qərar verə bilmirlər.
Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə AYNA-ya açıqlamasında bildirib ki, Fransanın NATO-nu tərk etməsi bu təşkilatı ciddi zəiflətməyəcək: “Fransa NATO-da həlledici dövlət deyil. Şimali Atlantika Müqaviləsi Təşkilatının əsas qüvvəsi ABŞ-dır. Bundan sonra Şərqi Avropa dövlətləri, o cümlədən Türkiyə gəlir”.
“Fransa indiyə qədər bir neçə dəfə NATO-nu tərk edib. Lakin sonradan geri qayıdıb. Bu ölkənin NATO ilə münasibətləri heç zaman birmənalı olmayıb. Seçkiöncəsi Fransanın daxilində ciddi siyasi mübarizə gedir. Hətta bəzən namizədlər hüquq normalarını belə, aşırlar. Fransa prezidentliyinə namizəd Valeri Pekresin Qarabağa qanunsuz səfəri də bu qəbildəndir”, - deyə deputat söyləyib.
Mollazadənin sözlərinə görə, Melenşonun açıqlaması Fransa daxilində olan gərgin mübarizənin təzahürüdür: “Onlar maksimum səylə çalışırlar ki, Avropada xaotik vəziyyət yaratsınlar. Bu, onların əsas məqsədidir və təəssüf doğuracaq məqamdır. Məlumdur ki, bu gün dünyada olduqca təhlükəli geosiyasi vəziyyət hökm sürür. Belə bir vəziyyətdə baş verənlər Avropanı daha da zəiflədir və təhlükəsizliyini yeni sınaqlar qarşısında qoyur. Ümidvaram ki, seçkilər bitəndən sonra bu gərginlik aradan qalxacaq və Fransa öz mədəni həyatına qayıdacaq”.....
Müəllif: Azər Niftiyev
Ayna.az
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə