Partiya  Parlamentlər nəyi ratifikasiya etmişdi: Paşinyan 30 illik “sandığı” açır-
Asim Mollazadə: “Anlamaq olmur ki, Ermənistan Baş nazirinin niyyəti nədir”
“Ermənistan Azərbaycanla sülh sazişinin əleyhinə deyil. Lakin bu saziş hazırlanmalı və formalaşdırılmalıdır. Bu, danışıqların mövzusudur. Ermənistan isə danışıqlara hazırdır”.
Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Xatırladıb ki, 1992-ci ildə Ermənistan və Azərbaycan MDB-də mövcud olan sərhədlər daxilində ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığının tanınması ilə bağlı sənədləri parlamentlərdə ratifikasiya edib: "Lakin bir çox məsələlər və nüanslar hələ də həll olunmamış qalır və bunun üçün danışıqlar aparılmalıdır".
İkinci Qarabağ müharibəsindəki qələbədən dərhal sonra rəsmi Bakı tərəfindən də Ermənistana sülh təklifi verilib. Amma bir il 3 aydır ki, rəsmi İrəvandan sülh sazişinin imzalanmasına müsbət reaksiya verilməyib. Əksinə, mütəmadi olaraq Ermənistan tərəfindən sərhəddə, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki erməni separatçıları tərəfindən isə Qarabağda silahlı təxribatlara əl atılıb. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı Üçtərəfli Birgə Bəyanatın demək olar ki, heç bir bəndinə (Ağdam, Kəlbəcər və Laçının boşaldılması istisna olmaqla) əməl olunmayıb.
Belə olan halda rəsmi İrəvandan verilən sülh bəyanatı nə dərəcədə səmimi ola bilər? Yaxud da, əgər tərəflər yekun sülh sazişinə hazır olduqlarını bəyan edirsə, buna maneə yaradan nədir? Eyni zamanda, Paşinyan “1992-ci ildə Azərbaycan və Ermənistan parlamentlərinin ratifikasiya etdiyi sənəd” deyəndə nəyi nəzərdə tutur?....
.....Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclis üzvü Asim Mollazadə mövzuya dair AYNA-ya açıqlamasında bildirib ki, Ermənistan Baş naziri mütəmadi bəyanatlar verir və bu bəyanatların əksəriyyəti bir-birinə ziddir: "Anlamaq olmur ki, Paşinyanın niyyəti nədir?! Biz Nikoldan bəyanat yox, konkret addımlar gözləyirik. Real addımlar da ondan ibarətdir ki, Üçtərəfli Birgə Bəyanata İrəvan əməl etsin, delimitasiya, demarkasiya ilə razılığa gəlsin, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmi bəyan etsin”.
“Əlbəttə, Paşinyanın bu addımları sülh sazişinin imzalanması ilə nəticələnə bilər. Əslində, bölgədə sülhün, sabitliyin olması, kommunikasiyaların blokdan çıxarılması, yekun sülh sazişinin bağlanması Ermənistanın maraqlarına da uyğundur”, - deputat əlavə edib.
1992-ci ildə parlamentlərin ratifikasiya etdiyi sənədə gəlincə, Mollazadə belə cavab verib: "Yenə də deyirəm, Paşinyan bir-birinə zidd açıqlamalar verir. Konkret əsasları olmayan bəyanatların Azərbaycan üçün əhəmiyyəti yoxdur. Əhəmiyyətli odur ki, Üçtərəfli Birgə Bəyanatın bütün müddəaları həyata keçirilsin. İrəvan buna əməl etsə, əlbəttə, sülh müqaviləsi bağlanacaq. Bununla eyni zamanda, Ermənistan öz problemlərinin həllinə nail olacaq. Çünki Ermənistan rəsmiləri həftədə 2-3 dəfə bəyanat verirlər və başa düşmək olmur ki, nə istəyirlər. Özləri də dəqiq bilmirlər ki, hansı addımı atsınlar. Buna görə də müxtəlif oyunlar oynayırlar. Mövqelərinə aydınlıq gətirmələri üçün mənə elə gəlir ki, onlar öz üzərlərində çox işləməlidirlər".
Müəllif: Anar Bayramoğlu
Ayna.az
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə