|
Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 30-da Gəncə şəhərinə səfəri bir sıra mühüm məqamları ilə yadda qaldı. Orada səsləndirilən bəyanatlar növbəti mühüm mesajların təqdimatı kimi də dəyərləndirilir. Milli Məclisin deputatı Asim Mollazadə hafta.az-a bildirib ki, Gəncə şəhəri Azərbaycanın qədim paytaxtıdır və bu şəhərin xalqımız üçün çox böyük önəmi var. Deputat Prezidentin Gəncədə olarkən iqtisadi, logistik, nəqliyyat-kommunikasiya istiqamətlərində görülən işlərə diqqət çəkməsini, mədəniyyət və idman sahəsinə xüsusi yanaşılmanı təbii və təqdirəlayiq hesab edib: “Gəncə Qarabağa qayıdış prosesində böyük rola malikdir. Söhbət Kəlbəcər istiqamətində uzanan yolların, tunellərin inşası ilə bağlı logistik mərkəzin də Gəncə olmasından gedir. Bununla yanaşı, gələcəkdə Zəngəzur dəhlizinə gedib-çıxan dəmir yolu sistemində də Gəncənin bir qovşaq kimi böyük əhəmiyyəti var”. A.Mollazadə qeyd edib ki, Prezidentin Gəncədə Memorialın təməlini qoyması orada bizim vətəndaşlara qarşı törədilən erməni hərbi cinayətlərinin tarixin yaddaşında saxlanılaraq daim haqq-ədalətin bərpası yönündə görüləcək işlərin davamına stimul yarada biləcək mühüm hadisədir. “Bu, həm də “Biz erməni cinayətkarlarının müharibə dövründə Gəncədə, Bərdədə, Tərtərdə dinc əhaliyə - qadınlara, qocalara, uşaqlara qarşı törətdikləri genosidi, hərbi cinayətləri heç vaxt unutmayacağıq mesajı kimi özümüzün götürdüyümüz öhdəlikdir. Şübhəsiz ki, erməni cinayətkarları Azərbaycanın 30 ilə yaxın işğalda qalan bütün rayonlarında törətdikləri dağıntılara, qətliamlara görə, Xocalıda dinc əhaliyə qarşı törətdikləri soyqırımına görə cavab verməlidirlər. Bu Memorialın inşası onu göstərir ki, Azərbaycan xalqı heç vaxt erməni vəhşiliyini unutmayacaq”. Deputat bu gün Azərbaycanın işğala məruz qoyulması və özünün haqq işinin bərpası yönündə dünya ictimaiyyətinə müraciət etməsinə baxmayaraq, yenə də ikili standartların hökm sürdüyünü bildirib. “Bir sıra beynəlxalq təşkilatlarda müəyyən lobbi fəaliyyəti nəticəsində Ermənistanın istənilən cinayətlərinə göz yumulur. Biz dəfələrlə bunun şahidi olmuşuq. Buna baxmayaraq, israrla Azərbaycanın haqlı tələblərinin ədalətlə yerinə yetirilməsini istəməli və onun həlinə nail olmalıyıq. Bununla yanaşı, Azərbaycan müstəqil dövlət olaraq özü hüquqi müstəvidə qərarlar çıxarmalı, hüquqi prosedurlarla bağlı dünya qarşısında irəli sürdüyü “Ədalət”- tələbini davam etdirməlidir”...... Hafta.az
|