|
Ermənilərin sərhəddə təxribatları davam edir. Bu dəfə Kəlbəcər istiqamətində atəşkəs pozulub. Belə ki, fevralın 9-u saat 22:00-dan etibarən fasilələrlə bir neçə saat ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutublar. Ermənistan tərəfinin yenidən sərhəddə təxribata əl atması, niyə məhz Kəlbəcərin hədəf seçilməsi ortaya ciddi suallar doğurur. Düşmənin sərhəddə sabitliyi pozmaq cəhdinin arxasında hansı siyasi məqsədlər dayanır? Təxribatlara cavab vermək lazımdır... Bununla bağlı Modern.az-a danışan deputat Asim Mollazadənin fikrincə, Ermənistan sərhəddə təxribatlara əl atmaqla münaqişənin bitmədiyini göstərmək istəyir: “Ermənilər hər zaman belə təxribatlara əl atırlar. Çünki münaqişənin guya bitmədiyini, davam etdiyini göstərməyə çalışırlar. Bu, bir növ öz xarici tərəfdaşlarına çağırışdır ki, məsələyə qarışıb, ermənilərin “hüquqlarını” müdafiə etmək üçün çalışın. Lakin onların hər təxribatı eyni formada bitir. Çünki layiqli cavablarını alırlar. Ermənistanın çıxış yolu sadəcə sülh istiqamətində irəliləyişdən ibarətdir. Demarkasiya və delimitasiya olmalıdır, kommunikasiyalar açılmalıdır və Ermənistan sülh sazişi üzərində işləməlidir. Ən əsası Azərbaycanın və digər qonşu ölkələrin ərazi bütövlüyünü tanımalıdır. Əks halda Ermənistanın dövlət kimi bu bölgədə mövcudluğu, müstəqilliyini qoruması mümkün olmayacaq. Beləliklə, Ermənistan bir alət kimi kimlərinsə əlində xərclənəcək. Əhalisi də ölkə ərazini tərk etməkdə davam edəcək. Çünki ağır sosial-siyasi böhran, iqtisadi çətinliklər ermənilərin xeyrinə deyil. Hesab edirəm ki, Azərbaycan səbirli olmalıdır. Bu təxribatlara cavab vermək lazımdır, amma təxribatların mahiyyəti, məğlub olmuş ölkənin bir növ isterik vəziyyətdə olmasının təzahürüdür”.....
Modern.az
|