|
Deputat: “Hər iki tərəf Türkiyənin vasitəçiliyində maraqlıdır”
ABŞ Prezidenti Cozef Bayden amerikalıları Ukraynanı dərhal tərk etməyə çağırıb. O, heç bir halda ABŞ qoşunlarının öz vətəndaşlarını təxliyə etmək üçün Ukraynaya göndərilməyəcəyini bildirib: “Amerika vətəndaşları indi çıxmalıdırlar. Amerika və Rusiya bir-birinə atəş açsa, bu, dünya müharibəsi deməkdir. ABŞ ordusu heç bir halda Ukraynaya göndərilməyəcək”. Hazırda dünya gündəmini məşğul edən əsas mövzulardan olan Ukrayna böhranı ilə bağlı fikirlər müxtəlifdir. Bəziləri Rusiyanın Ukraynaya qəfildən hücum edəcəyini söyləsə də, əks qənaətdə olanlar, məsələnin danışıqlar masası ətrafında həllini tapacağını gözləyənlər də var. Bəziləri isə hər iki variantı istisna edərək, qarşılıqlı təzyiqlərin davam edəcəyini, lakin bunun müharibəyə qədər gətirib çıxarmayacağını düşünürlər. Görəsən, Baydenin söylədiyi kimi, Rusiya Ukraynaya qəfildən hücum edərsə, bu, regionda hansı mənzərə meydana çıxaracaq? Ümumiyyətlə, hadisələrin sonrakı inkişafı uzunmüddətli müharibəyə qədər gətirib çıxara bilərmi? Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə AYNA-ya şərhində deyib ki, müharibənin baş verməyəcəyini söyləyən təhlilçilərin mövqeyini bölüşür: “Amerika ilə Rusiya arasında müharibə dünya müharibəsi deməkdir. Bayden bununla bağlı ölkəsinin qəti mövqeyini də açıqlayıb. Üçüncü Dünya müharibəsi ABŞ, Avropa, Rusiya kimi dünya gücləri üçün məqbul yol deyil. Hər bir tərəf bunun məsuliyyətini anlayır və hansı faciələrə gətirib çıxaracağını bilməmiş deyil. Bu xüsusda müharibə bəyanatları sadəcə təzyiq xarakteri daşıyır”. “Hazırkı məqamda hər iki tərəf öz mövqeyində israrlı görünür. Qarşılıqlı mübarizəni digər üsullarla davam etdirirlər. Qərb Rusiyaya qarşı sanksiyalar tətbiq olunmasını və bu yolla onun iqtisadi cəhətdən zəiflədilməsi yolunu seçib”, - deyə deputat söyləyib.
Onun sözlərinə görə, baş verənlərin fonunda Türkiyənin beynəlxalq miqyasda rolu nəzərəçarpan dərəcədə artıb: “Çünki istər Qərbin, istərsə də Rusiyanın danışıqlar yolu ilə razılığa gələcəyi müşkül görünür. Belə bir həssas məqamda Türkiyənin neytral tərəf olaraq vasitəçiliyi gündəmə gəlib. Düzdür, Türkiyə NATO-nun üzvüdür, lakin Moskva ilə də dil tapmağı bacarır. Hər iki tərəf - istər Rusiya olsun, istərsə də Ukrayna - Türkiyənin vasitəçiliyində maraqlıdır”. “Bu isə öz növbəsində Türkiyənin geosiyasi anlamda aparıcı oyunçu kimi mövqeyini daha da artırır. Azərbaycanın da bu prosesdə iştirakı, Türkiyə ilə birgə fəaliyyəti böyük diplomatik uğurdur. İnanıram ki, Türkiyə vasitəçilik missiyasını uğurla başa çatdıracaq”, - deyə Mollazadə vurğulayıb......
Ayna.az Müəllif: Azər Niftiyev
|