|
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzun müddətdir ki, planlaşdırılan Moskva səfəri dünən baş tutub. Səfər çərçivəsində Azərbaycan və Rusiya liderləri bir sıra məsələləri müzakirə edəcək, eyni zamanda Müttəfiqlik haqqında sənəd imzalayacaqlar. Məlumata görə, sözügedən sənədin hazırlanması və tərəflər arasında razılaşdırılması uzun sürən prosesin nəticəsidir. Çünki belə sənədləri qısa zaman ərzində ortaya çıxarmaq mümkünsüzdür.
Xatırladaq ki, hələ Yeni ildə xalqa müraciəti zamanı Azərbaycan prezidenti Rusiya ilə əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qalxacağını deyərək, əlaqələrin inkişaf etdiyini açıqlamışdı. Bu kontekstdə Moskva Bəyannaməsi yeni məsələ deyil.
Qeyd edək ki, prezident İlham Əliyevin indiyə qədər Rusiya, Avropa İttifaqı, qardaş Türkiyə və digər ölkələrlə imzaladığı sazişlərdə əsas diqqət Azərbaycan dövlətinin gücləndirilməsi, onun müstəqilliyinin möhkəmləndirilməsi, müttəfiqlərinin və dostlarının çoxalmasına hesablanıb.
İndiyə qədər Azərbaycan ilə Rusiya arasında onlarla sənəd imzalanıb, tərəflər strateji müttəfiq olduqlarını bəyan ediblər. Son nəticədə bu sənədlər Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə maneə yaratmayıb, əksinə, mövqelərimizi daha da gücləndirib. Bu baxımdan Moskvada imzalanacaq Müttəfiqlik haqqında sənəddən daha çox narahat olan Ermənistan tərəfidir. Erməni ekspertlər belə bir sənədin imzalanmasını Ermənistan üçün böyük zərbə hesab edirlər. Artıq erməni mediası da Əliyevin Moskva səfərindən narahatlığını gizlətmir. Bundan öncə isə hərbi cinayətkar Robert Köçəryan keçirdiyi mətbuat konfransında Azərbaycanın Rusiya ilə daha yaxşı əlaqələr qurmasına işarə etmişdi. İndi Rusiya ilə əlaqələrin daha da inkişaf etdirilməsi rəsmi İrəvanın üçüncü tərəfləri mübahisələrə cəlb etməsini neytrallaşdıra, həmçinin Rusiyanı məcbur edə bilər ki, daha ədalətli mövqedən çıxış etsin. Diqqətlə baxdıqda da aydın olur ki, bu gün regionda əsas iqtisadi-siyasi güc mərkəzi Azərbaycandır. Bu gerçəkliyi həm Moskvada, həm də İrəvanda çox gözəl anlayırlar.
Digər mühüm məqam odur ki, Rusiya Azərbaycanın əsas müttəfiqi olan qardaş Türkiyə ilə yüksək əlaqələrə malikdir, tərəflər münasibətlərini durmadan inkişaf etdirirlər. Bu əlaqələrə ən yaxşı töhvə verən üçüncü ölkə Azərbaycandır. Bu baxımdan Azərbaycan-Rusiya münasibətlərinin inkişafı həm də Türkiyə-Rusiya əlaqələrinin perspektivi üçün müsbət hadisədir.
Məsələyə münasibət bildirən Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Reyting.az-a deyib ki, Azərbaycan ilk növbədə öz müstəqilliyini və ərazi bütövlüyünü qorumaq üçün bütün qonşuları ilə normal tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmağa çalışır.
Onun sözlərinə görə, Azərbaycan və Rusiya arasında Müttəfiqlik sazişinin imzalanması daha çox İrəvanı narahat edir: “Onlar Azərbaycanın ərazi bütövlüyünü tanımırlar. Digər qonşulara qarşı da ərazi iddiaları var. Azərbaycanın Rusiya ilə əlaqələrinin normal müstəvidə inkişafı o deməkdir ki, emənilər öz iddialarını heç vaxt əldə edə bilməyəcəklər”.
A. Mollazadə xatırladıb ki, Azərbaycan buna qədər də Rusiya ilə strateji tərəfdaş olub: “İndi bu sənədin adı dəyişdirilir. Rusiya indiki hadisələr fonunda tək qalıb. Məncə, bütün qonşulara müraciət edəcək ki, onunla dost olsunlar”.
Deputat qeyd edib ki, Azərbaycan bütün qonşularla qarşılıqlı maraqlar üzərində əməldaşlığı və tərəfdaşlığı təbliğ edir:
“Azərbayan məhz ticari, nəqliyyat, enerji sahəsində əməkdaşlığı həyata keçirərək qarşılıqlı maraqları təmin etməyə çalışıb. Bu, bizim strateji siyasətimizidir. Üstəlik, Azərbaycanın siyasəti ilk növbədə dövlət müstəqilliyini, ərazi bütövlüyünü qorumağa və dövlətin inkişafına yönəlib”.
Daha mühüm məqam odur ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir, iki ölkə arasında ticarət dövriyyəsi 3 milyard dollardan artıqdır. Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracı üçün Rusiya əsas bazarlardan biridir və bu baxımdan da əlaqələrin inkişafı məqsədəuyğun sayılır. Nəzərə alsaq ki, rus bazarı hələ uzun illər ərzində dünyanın əsas bazarı funksiyasını qoruyacaq, bu halda Azərbaycanın daha çox qeyri-neft məhsulları satdığı Rusiya bazarında güclənmək xətti başa düşüləndir.....
Reytinq.az
|