Partiya  Asim Mollazadə: "Xocalı qatillərinin cəzalandırılması üçün İsrailin təcrübəsindən istifadə etməliyik"-

"Azərbaycan xalqına qarşı böyük cinayət törədilib. Uşaqlar, yaşlılar, qadınlar qətlə yetirilib. Bu, təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı olan cinayətdir".

Bu sözləri Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Milli Məclisdə Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı müzakirələr zamanı deyib.

O qeyd edib ki, bu cinayəti törədənlərin çox ciddi ideoloji bazası var. Yerevanın mərkəzində SS qatilinə (Qaregin Njde) heykəl ucaldanlar məhz bu ideologiyanın əsasında Xocalı cinayətini törədiblər.

Deputatın sözlərinə görə, Azərbaycan xalqı bu ağrını dünyaya çatdırmaq üçün çox işlər görüb. "Xocalıya ədalət" kampaniyası, bir sıra ölkələrin parlamentləri tərəfindən bu cinayətin tanınması, hətta ABŞ-ın 24 ştatında bu qətliamın tanınması və qınanması bu qəbildəndir. Lakin bütün bunlar yetərli deyil, çünki qatillər hələ də azadlıqdadırlar.

"Biz qatillərin çoxunun adını bilirik. Bu məsələni dəfələrlə parlamentdə qaldırmışdıq və Azərbaycanın Hərbi Prokurorluğu nəhayət, 39 cinayətkarın siyahısını təqdim edib. Çox təəssüf ki, bu siyahıda Ermənistanın keçmiş prezidentləri Serj Sarkisyanın, Robert Koçaryanın, keçmiş müdafiə naziri Seyran Ohanyanın adları yoxdur. Araşdırmalar davam etdirilməlidir. Azərbaycan bütün beynəlxalq hüquq vasitələrindən istifadə edərək qatillər haqqında müvafiq hökmün çıxarılmasına nail olmalıdır", - Asim Mollazadə deyib.

Onun sözlərinə görə, Prokurorluq İnterpol vasitəsilə hər bir ölkədə gizlənən və hərəkət edən qatillərin həbssinə nail olmalıdır. Bu məsələdə dünya təcrübəsinə istinad edilməlidir:

"Holokostu törədən canilər bir çox hallarda gizləniblər. İsraildə Simon Vizental Mərkəzi yaradılıb. Harada gizlənməsindən asılı olmayaraq, canilər tutularaq məhkəməyə gətirilib. Biz də bu üsuldan istifadə etməliyik. Bizim hüquq-mühafizə orqanları hər bir caninin harada olduğunu müəyyənləşdirməlidir. Əgər hüquqi vasitələr işə yaramasa, hansısa digər vasitələrdən istifadə etmək lazımdır ki, bu canilər ədalət məhkəməsinə cəlb edilsinlər".

Millət vəkili onu da qeyd edib ki, biz qisas, intiqam deyil, ədalət istəyirik.

Bu ədalət ona görə lazımdır ki, heç kəs, heç vaxt bir daha Azərbaycan uşaqlarını, qadınlarını qətlə yetirməsin.

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə