|
Türkiyə martın 10-da Antalyada ilk dəfə olaraq Rusiya-Ukrayna arasında yüksək səviyyəli təmasa nail oldu. Antalyada Türkiyə, Rusiya və Ukraynanın XİN başçıları-Mövlud Çavuşoğlu, Sergey Lavrov və Dmitro Kuleba arasında üçtərəfli görüş baş tutub.
Nəticəsiz bitən görüşdən sonra nazirlər mediaya açıqlama verib. Ekspertlər isə bildirir ki, görüş nəticəsiz bitsə də müharibə aparan iki ölkə arasında diplomatik təmasların əsası qoyulub.
Bəs Türkiyə iki savaşan qohum xalqın arasında sülh yarada biləcəkmi? Qərb Türkiyə üçün avantaja çevrilən bu prosesi qısqanclıqla qarşılayıb, oyunu pozanlıq edə bilərmi?
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə qardaş ölkə prezidentinin Ukrayna ilə bağlı səylərini yüksək dəyərləndirir: “Ukraynada baş verən faciələrin qarşısını almaq üçün yeganə yol məhz bütün prosesləri diplomatik masa arxasında danışıqlarla həll etməkdir. Türkiyənin səyləri çox yüksək qiymətləndirilməlidir. Qardaş ölkə bu istiqamətdə çox ciddi addımlar atır. Bundan sonra da səylərini davam etdirəcək. Azərbaycanın da marağı bundan ibarətdir. Rəsmi Bakı bu proseslərdə vasitəçi rolunu oynayaraq, danışıqlar yolu ilə bütün problemlərin həllinə çalışmalıdır.
Asim Mollazadə: “Beynəlxalq təşkilatlar yenə öz acizliklərini nümayiş etdirirlər”
Ümumiyyətlə, bu prosesin həlli beynəlxalq hüquq normaları çərçivəsində tapılmalıdır. Türkiyə prezidentinin bu istiqamətdəki səylərini çox yüksək qiymətləndirirəm. Ümidvaram ki, danışıqlar yeni formatda davam edəcək. Hazırda Ukraynada çox böyük faciə yaşanır. Burada hansısa bir ölkənin, xarici qüvvələrin özü üçün maraq axtarmağını düzgün hesab etmirəm. Hamı səylərini birləşdirməli və prosesi müharibədən məhz diplomatik danışıqlara çevirməyə çalışmalıdır. Bir sözlə, faciəyə qısa müddətdə son qoyulmalıdır. Ukrayna böyük itkilər verir. Beynəlxalq təşkilatlar yenə də öz acizliklərini nümayiş etdirirlər. Çox təəssüf ki, onların hansısa bir ciddi səyləri burada görünmür”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
|