Partiya  Avropa Parlamentinin qətnaməsi Avropanın prinsip və dəyərlərinə ziddir-

Demokratik İslahatlar Partiyası martın 10-da Avropa Parlamentinin qəbul etdiyi “Qarabağda erməni mədəni irsinin məhv edilməsi”nə dair qətnaməni pisləyən bəyanat yayıb.

Bəyanatda deyilir:

“Martın 10-da Avropa Parlamenti tərəfindən qəbul olunan Qarabağda erməni mədəni irsinin məhv edilməsi ilə bağlı qətnamə Azərbaycana qarşı qərəzli münasibətin, ikili standartın bariz nümunəsidir. Avropa dövlətləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində uzun illər davam edən diplomatik prosesdə ölkəmizə qarşı riyakar mövqe nümayiş etdiriblər. İstər 2020-ci ilin sentyabrında başlamış 44 günlük Vətən müharibəsi zamanı, istərsə də Azərbaycanın zəfər qazanmasından sonra ona qarşı ayrı-seçkilik özünü qabarıq şəkildə biruzə verir. Avropa qurumları son 30 ildə Azərbaycan ərazilərinin 20%-ni işğal altında saxlayan, 1 milyonadək vətəndaşının məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olan, Xocalı soyqırımı başda olmaqla azərbaycanlılara qarşı çoxsaylı qətliamlar törədən, işğal etdikləri ərazilərdə Azərbaycan irsini barbarcasına məhv edən, daşı-daş üstə qoymayan, azərbaycanlıların bütün daşınar və daşınmaz əmlaklarını talan edən, məscidlərimizdə donuz saxlayan, alban irsimizin yadigarı olan kilsələri (o cümlədən rus pravoslav kilsəsini) məhv edən, saxtalaşdıran Ermənistanın nasist siyasətini görməzdən gəlib. Azərbaycan hökuməti 44 günlük müharibədən sonra dəfələrlə beynəlxalq ictimaiyyətin, diplomatik korpusun (Avropa ölkələrinin səfirləri və səfirliklərin əməkdaşları da daxil olmaqla) nümayəndələrinin, xarici jurnalistlərin işğaldan azad olunmuş ərazilərə səfərlərini təşkil edib. Onlar erməni vandallığına məruz qalmış, yerlə-yeksan edilmiş Azərbaycan kənd və şəhərlərini öz gözləri ilə görərək dəhşətə gəliblər.

Bundan başqa, Azərbaycan dəfələrlə UNESKO-ya Qarabağa xüsusi missiya göndərməsi üçün müraciət edib. Azərbaycan irsinin ermənilər tərəfindən məhv edildiyi UNESKO-nun məruzələrində də təsdiqini tapıb. Azərbaycan dəfələrlə Qarabağda ayrı-ayrı tarixi-mədəni irsimizə qarşı törədilən vandallıqlar haqqında faktları, sübutları dünya ictimaiyyətinə, Avropa Parlamentinə və digər qurumlara təqdim etsə də, bunlara heç bir reaksiya verilməyib. Halbuki bu, Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn, o cümlədən 1954-cü il Haaqa Konvensiyasının və onun Protokollarının kobud şəkildə pozulmasıdır.

Odur ki, Avropa Parlamentinin Azərbaycanın guya erməni abidələrini dağıtması ilə bağlı qətnamə qəbul etməsi bu qurumun, onun parlamentarilərinin həqiqətləri görməzdən gəlməsi, erməni lobbisinin saxta təbliğatına alət olmasının nəticəsidir.

Biz erməni lobbiçiliyi və diasporunun siyasi korrupsiya üsullarından istifadə edərək anti-azərbaycan, anti-türk fəaliyyətlərinin dəfələrlə şahidi olmuşuq. İndi isə Azərbaycan irsini məhv etmiş ermənilər faktları təhrif edərək, guya Azərbaycanın erməni irsini məhv etdiyi barədə saxta məlumatlar uydurub və qoca qitənin seçilmiş deputatlarını da bu yalana alət ediblər.

Bu qətnamə Azərbaycanda AP-nin fəaliyyətinə çox mənfi münasibət formalaşdırmaqdadır. Ölkə əhalisi avropalıların bəyan etdikləri dəyərlərlə həyata keçirdikləri siyasət arasında dərin uçurumun və ziddiyyətin olduğunu görürlər. Ona görə də ölkəmizdə bu quruma, onun dəyərlərinə inam getdikcə sarsılmaqdadır.

Ümumiyyətlə, AP, eləcə də Avropanın digər qurumları dəfələrlə Azərbaycana qarşı haqsız qərarlar qəbul etməklə, ikili standartlarla yanaşmaqla xalqımızın nəzərində öz etimadlarını itiriblər. Ermənilərin Azərbaycan ərazilərini işğal edərkən məhv etdikləri tarixi abidələrin guya Azərbaycan tərəfindən dağıdıldığını qanuniləşdirmək cəhdləri beynəlxalq səviyyədə saxtakarlıqdır. Bu, nəinki beynəlxalq humanitar hüququn prinsiplərinə, həm də mədəni və dini abidələrin dağıdılmasına qarşı Avropa İttifaqının özünün qəbul etdiyi prinsiplərə ziddir.

Azərbaycan bu gün Ukraynada baş verən hadisələrdə ədalətli mövqeyini qorumağa çalışır. Avropadan daha əvvəl Ukraynaya öz humanitar dəstəyini göstərməyə başlayıb. Eyni zamanda, Azərbaycanın Avropanı mavi yanacaqla, enerji daşıyıcıları ilə təmin edəcək alternativ enerji ölkəsi və tranzit olması da danılmaz faktdır. Belə bir məqamda AP-nin ölkəmizə qarşı bu adekvat olmayan hərəkəti anlaşılan deyil. Onlar öz ölkələrinin maraqlarını müdafiə etməkdənsə, erməni lobbilərinin maraqlarını təmin etməyə çalışırlar.

Biz AP-nin sözügedən qətnaməsini qətiyyətlə pisləyir, onu ədalətsiz, həqiqətdənkənar, erməni lobbilərinin maraqlarını təmin edən, hüquqazidd, əsassız sənəd kimi qiymətləndiririk. Avropadakı tərəfdaşlarımızı dünyada hüquqi nihilizmin baş alıb getdiyi bir zamanda hüququn aliliyinin və gözlə görünən həqiqətlərin yanında yer almağa çağırırıq”. 

 

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə