Partiya  Ermənistan azərbaycanlılara qarşı törədilən qətliamlara görə cavab verməlidir-

Demokratik İslahatlar Partiyası 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb. Bəyanatda deyilir:

"1918-ci ilin martında Bakı şəhərində, Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı soyqırımı törədilib.

Bu, “dənizdən dənizə Böyük Ermənistan" qurmaq xəyalı ilə yaşayan erməni millətçilərinin, eləcə də onların havadarlarının Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı, etnik təmizləmə və deportasiya siyasətinin tərkib hissəsi idi. Dəhşətli qırğınlar zamanı on minlərlə azərbaycanlı qətlə yetirilmiş, itkin düşmüş, şikəst edilmişdi.

Daşnaklar insanları etnik və dini mənsubiyyətinə görə qətlə yetirməklə yanaşı, yaşayış məntəqələrini, mədəniyyət abidələrini, məscidləri və digər ibadət yerləri, qəbiristanlıqları barbarcasına dağıtmış, yandırmış və dinc əhaliyə divan tutmuşdular.1918-ci ildən geri qalan toplu məzarlıqlar, viran edilmiş kənd və şəhərlər, məhv edilmiş tarixi və mədəni irsimiz olub.  

XX əsrin əvvəllərində törətdikləri qanlı cinayətlərə görə layiqli cəzalarını almayan erməni millətçiləri 74 il sonra (1992-ci ildə) azərbaycanlılara qarşı növbəti irimiqyaslı soyqırımı Xocalı şəhərinin dinc sakinlərinə qarşı törətdilər.

Bu qətliamlara dair kifayət qədər əsaslı sübut və dəlillər olsa da, dünya ictimaiyyəti hələ də buna adekvat qiymət verməyib. Axı qətliamlar təkcə azərbaycanlılara qarşı deyil, bu coğrafiyada yaşayan dağ yəhudiləri, ləzgilər, tatlar, talışlar, eləcə də digər azsaylı xalqların nümayəndələrinə qarşı da törədilmişdi. Ancaq görünür, dünyanı Azərbaycanda yaşayan xalqların zaman-zaman ermənilər tərəfindən genosidə uğradılması deyil, erməni lobbilərinin qondarma “erməni soyqırımı” nağılları daha çox maraqlandırır.

Azərbaycan xalqı və dövləti həmişə qətliamlara, siyasi və hərbi münaqişələrə ikili standartlarla yanaşılmadan əziyyət çəkib. Bundan ruhlanan ermənilər regionda üçüncü qüvvələrin dəstəyi ilə azərbaycanlılara qarşı cinayətlərini davam etdirirlər. XX əsrin 90-cı illərində işğal etdikləri Azərbaycan ərazilərindəki bütün kənd və şəhərləri yerlə-yeksan ediblər, talanlar və kütləvi qırğınlar törədiblər.  

Biz son illər ərzində Azərbaycanın bütün çağırışlarına baxmayaraq, əlaqədar beynəlxalq təşkilatların məsələlərin yerində araşdırılması üçün regiona hər hansı faktaraşdırıcı missiya göndərməməsini, ermənilərin azərbaycanlılara qarşı törətdiyi görünməmiş hərbi və mülki cinayətlərə hüquqi qiymət verməməsini böyük ədalətsizlik, ayrı-seçkilik, beynəlxalq humanitar hüquq prinsiplərinin pozulması kimi qiymətləndiririk.

Beynəlxalq təşkilatları və dövlətləri monoetnik Ermənistandan fərqli olaraq, tolerantlıq prinsiplərinə və multikulturalizm dəyərlərinə sahib multietnik Azərbaycan dövlətinin, xalqının tarixi bəlalarına biganə qalmamağa, gələcəkdə bu kimi halların təkrarlanmaması naminə ermənilərin tarix boyu azərbaycanlılara qarşı törətdiyi qətliamlara hüquqi qiymət verməyə çağırırıq!

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə