Asim Mollazadə: "Bu təhlükə təkcə Azərbaycana yox, eyni zamanda, Türkiyəyə, Avropaya, Qərbə və bütün dünyaya qarşıdır"
Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Unikal.org-a günün aktual siyasi mövzularını əhatə edən müsahibə verib. Millət vəkili müsahibəsində vacib məqamlardan danışıb.
-Asim müəllim, Avropa Parlamenti ilə münasibətlərin yenidən bərpası gələcək üçün nə vəd edir?
-Azərbaycan
Avropa ilə bir sıra istiqamətlərdə əməkdaşlıq edir. Avropa Birliyi ilə
enerji sahəsində strateji tərəfdaşlıq sənədi imzalanıb. Ölkəmiz
Avropanın enerji təhlükəsizliyində çox mühüm rol oynayır. Bununla yanaşı
Avropa Birliyi ilə Azərbaycan strateji tərəfdaşlığın başqa sahələrini
əhatə edən müvafiq sənədlər üzərində işləyir. Avropa Parlamenti Avropa
Birliyinin çox mühüm qurumu olaraq Azərbaycan üçün gözəl platforma
üzərində işləyir. Azərbaycan özünə qarşı olan təcavüz siyasəti ilə bağlı
bu platformadan istifadə edərək Avropa ictimaiyyətini və
siyasətçilərini sülhün bərqərar olunmasına dəstək verməyə dəvət edir.
Avropa Birliyi ilə əməkdaşlıq qalmaqla yanaşı, eyni zamanda Avronest
Parlament Assambleyası da bizim üçün əlavə imkandır ki, Avropa
siyasətçiləri ilə əməkdaşlığımızı davam etdirək və Azərbaycanı
maraqlandıran məsələləri Avropa ictimaiyyətinin diqqətinə çatdıra bilək.
-Nazirlər
kabinetinin sonuncu iclasında prezident İlham Əliyev belə bir fikir
səsləndirdi ki, Azərbaycanı Dağlıq Qarbağın müsətəqilliyini tanıması
üçün təzyiq edirlər. Ölkə başçısının toxunduğu vacib məqamla bağlı
fikirləriniz maraqlı olardı...
-Azərbaycana
qarşı müharibə bir neçə müstəvidə həyata keçirilir. Silahlı
qüvvələrimiz səngərlərdə ölkəmizin ərazi bütövlüyünün qorunması üçün
savaşdadır. Burada dondurulmuş münaqişədən söhbət gedə bilməz. Hər gün
Azərbaycan vətəndaşları erməni təxribatı ilə üzləşir, vətəndaşlarımız bu
təxribatın qurbanı olur. Eyni zamanda informasiya və diplomatik sahədə
Azərbaycana qarşı müharibə aparılır. Çox zəngin, siyasi nöqteyi-nəzərdən
güclü silahlanmış erməni lobbisi bir çox ölkələrdə Azərbaycana qarşı
informasiya savaşını davam etdirir. Onların Avropa ölkələrində, Rusiyada
və ABŞ-da imkanları çox genişdir. Müvafiq siyasi dairələri Azərbaycana
qarşı informasiya müharibəsinə cəlb edərək açıq hücum təşkil edilməsinə
nail olurlar. Biz Ermənistanla müharibəni sadəcə səngərlərdə deyil,
informasiya, diplomatik sahədə aparırıq. Xüsusilə biz, parlament
diplomatiyası istiqamətində beynəxalq təşkilatların Parlament
Assambleyalarında, Avropa Birliyi Parlament Assambleyasındakı
informasiya müharibəsində bilavasitə iştirak etməliyik və meydanı
Azərbaycana qarşı olanlara verməməliyik.
-Bir
neçə gün əvvəl Ermənistanda keçirilən hərbi paradda "İsgəndər”
raketlərinin nümayişi yerli mətbuatda geniş müzakirə mövzusu oldu.
İqtisadi imkanları olduqca aşağı olan Ermənistana Rusiya tərəfindən bu
silahın verilməsi ilə bağlı müəyyən fikirlər səsləndirildi. Aprel
döyüşlərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı
missiyanı üzərinə götürdüyünü bəyan edən Rusiyanın bu addımı atmaqda
məqsədi nədir?
-Hər
zaman olduğu kimi bu silahlar Ermənistana heç bir vəsait ödəmədən
verilir. Ancaq bu proseslər hazırda bir az da inkişaf edib. Bu
yaxınlarda Rusiya prezidenti Ermənistanla imzalanan birgə hava müdafiəsi
sazişinin ratfikasiyası ilə bağlı Dumaya sənəd göndərdi. Bundan əvvəl
də Ermənistanla Rusiya arasında müvafiq saziş imzalanmışdı. Bu bir daha
onu göstərir ki, Ermənistan müstəqil dövlət deyil. Bura artıq, hərbi
bazaya çevrilmiş ərazidir. Hazırda ölkə səfalət içindədir. Hərbi
qüvvələr, silahlar Ermənistanın bölgənin təhlükəli bir ərazisinə
çevirib. Bu təhlükə təkcə Azərbaycana yox, eyni zamanda, Türkiyəyə,
Avropaya, Qərbə və bütün dünyaya qarşıdır.
-Yaxın müddətdə Dağlıq Qarabağ münaqişəsinin həllində hansı variantı daha real görürsünüz?
-Hesab
edirəm ki, Azərbaycan bu istiqamətdə bütün beynəlxalq təşkilatlar
qarşısında bir daha məsələ qaldırmaq üçün imkanlarını səfərbər
etməlidir. Dünyanın diqqətinin bu problemə cəlb edilməsinə nail olmaq
üçün səylərini davam etdirməlidir. Uzun müddətdir, ölkəmiz münaqişənin
sülh yolu ilə həllini gözləyir. Azərbaycan sülh istəyir, Azərbaycana
müharibə lazım deyil. Bizim çox böyük strateji inkişaf perspektivlərimiz
var. Azərbaycan təbii olaraq öz silahlı qüvvələrini gücləndirir. Müasir
silahların alınması, istehsalı istiqamətində mühüm addımlar atır.
Əslində, biz bu istiqamətdəki xərclərimizi sosial sahəyə yönəldə
bilərdik. Ölkəmizin ərazi bütövlüyünü və müstəqilliyini qorumaq üçün
Azərbaycan güclənməlidir, öz silahlı qüvvələrini hər zaman hazır
vəziyyətdə saxlamalıdır. İstisna deyildir ki, Ermənistan öz
təxribatlarını gücləndirə və davam etdirə bilər.
Həsən Babayev
|