Qardaş Türkiyə dünyanın lider dövlətlərindən biri olmaqla yanaşı, həm də qlobal gücə çevrilir. Rəsmi Ankaranın taleyüklü məsələlərdə sərgilədiyi mövqe, atdığı addımlar, həyata keçirilən geosiyasi gedişlər bu ölkənin yüksək nüfuzundan xəbər verir. Xüsusilə, Rusiya və Ukrayna arasında gedən qızğın döyüşlərin dayandırılması üçün Türkiyənin tutduğu qətiyyətli mövqe, tərəflər arasında birbaşa danışıqların təşkili, liderlər səviyyəsində görüşlərə hazırlıq dünyanın diqqət mərkəzindədir.
Türkiyə rəhbərliyi Qərblə Rusiya arasında kəskinləşən münaqişənin tezliklə sülhlə tənzimlənməsi naminə çalışır ki, bu da dünyanın Üçüncü Dünya Müharibəsindən xilas olmasına hesablanıb. Qardaş ölkənin dünyanın siyasi arenasında güclü oyunçuya çevrilməsi barədə fikirlərini Modern.az-la bölüşən deputat Asim Mollazadə bildirib ki, Türkiyə müstəqil siyasət yürüdür. Onun sözlərinə görə, Türkiyənin məqsədi sülhə və sabitliyə nail olmaq, ölkələr arasında əməldaşlıq mühitini inkişaf etdirməkdir: “Türkiyə bu istiqamətdə çox ciddi addımlar atır. Onun sülhə, əməkdaşlığa yönəlmiş siyasəti hörmət qazanır. Türkiyənin rolu, məhz onun məqsədlərinə görə çox müsbət qiymətləndirilir. Türkiyə hansısa güclərin, dövlətlərin əmri ilə oturub-durmur. Bununla yanaşı, Türkiyənin iqtisadi sahədə atdığı addımlar və bir sıra sahələrdə öz məhsullarının emalı əməkdaşlıqlar üçün yeni prespektivlər yaradır”. Deputat vurğulayıb ki, Türkiyə və Azərbaycan müttəfiq və qardaş ölkə kimi dünyanın bir sıra bölgələrinin enerji təhlükəsizliyini təmin edir: "Bizim bir sıra layihələrimiz məhz əməkdaşlıq və tərəfdaşlıq mühiti yaradır. Əməkdaşlıq və tərəfdaşlığımız təkcə öz məkanımızda yox, eyni zamanda Avropada da öz effektini göstərir”....
|