 |
 |

  
|
| Partiya |
Korsika Parisdən muxtariyyət istəyir, fransız səfir “artsax” dərdi çəkir- |
 |
Fransadan muxtariyyət istəyən Korsikada iğtişaşlar səngimir, fransız siyasətçilər isə Qarabağdakı separatçılar üçün dəridən-qabıqdan çıxırlar; deputat: “Lap istəyirlər Marseli “martsax” adlandırsınlar”
Son günlər Fransadan muxtariyyət tələb edən Korsika adasında vəziyyət pisləşib, nümayişçilərlə polis arasında iğtişaşlar səngimir. “Yeni Müsavat” yazır ki, prezident Emmanuel Makron muxtariyyət məsələsinin müzakirəsi ehtimalını istisna etməyib. Ölkənin daxili işlər naziri Jerald Darmanen də muxtariyyət məsələsinin müzakirəsinə vəd verib. Təbii ki, prezident seçkilərinə sayılı günlər qalmış bir vaxtda Korsika adasında baş verənlər Makronun qələbə şanslarını kifayət qədər kölgələyir. Amma belə bir vaxtda Fransa hakimiyyəti təmsilçiləri öz problemlərini deyil, ölkə sərhədlərindən min kilometrlərlə uzaq Qarabağla bağlı “narahat” olur, bəyanatlar verirlər. Bir sözlə, hər zaman olduğu kimi, ifrat ermənipərəst siyasətdən əl çəkmək istəmirlər. Misal üçün, Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Ann Luyonun son günlər verdiyi açıqlamalara diqqət yetirmək lazımdır. Səfir yenə də diplomatik sərhədləri aşaraq, keçirdiyi görüşlərdə bəyan edib ki, Azərbaycan “artsax” ətrafında vəziyyəti gərginləşdirir, ona görə “problemin həlli üçün” Minsk Qrupu çərçivəsində səylər artırılmalıdır. Fərrux kəndi ətrafında yaranan vəziyyət də səfirin keçirdiyi görüşlərdə əsas müzakirə mövzusu olub. Ermənistan Fransa səfirini hər vasitə ilə inandırmağa çalışır ki, guya Azərbaycanın məqsədi bir nəfər də olsun erməninin Qarabağda qalmamasıdır. Ancaq Fransa niyə öz daxili problemlərini həll etmək əvəzinə “artsax” ermənilərinə dəstək çıxır? Bakı Parisə “Korsikaya muxtariyyət ver” tələbi səsləndirsə, Fransaya xoş olarmı? Əslində muxtariyyət məsələsi daha çox qabardılan dövrlərdə Prezident İlham Əliyev Fransaya səslənərək Marseldə onlara bu statusu verməyi tövsiyə etmişdi. Ölkə başçısı demişdi ki, Qarabağ erməniləri üçün belə ürəkləri yanırsa, onlara Marsel şəhərində bu hüquqları versinlər. Di gəl, Fransanın özünün Korsika dərdi ilə məşğul olmaq əvəzinə, heç bir ölkənin, eləcə də Ermənistanın “müstəqilliyi”ni tanımadığı terrorçu “artsax respublikası” üçün dəridən-qabıqdan çıxması qətiyyən başadüşülən deyil. Niyə fransız siyasətçilər Araik və onun bandası uğrunda belə mövqe sərgiləyirlər? Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, onların narahatlığının səbəbi ilk növbədə Fransada zəngin, təşkilatlanmış erməni lobbiçiliyinin olmasıdır: “Həmin erməni təşkilatları Fransada korrupsiyaya qurşanıblar və lobbinin vəsaiti seçki zamanı istifadə edilir. Ona görə Fransanı uzaqlarda baş verənlər daha çox maraqlandırır, nəinki öz daxili işləri...” A.Mollazadənin sözlərinə görə, Azərbaycan münaqişəni həll edib, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini icra edib, Minsk Qrupunun yerinə işləri görüb: “Fransanın daxili problemləri bizi çox da maraqlandırmır. Gedib öz işləri ilə məşğul olsunlar. Lap istəyirlər Marseli ”martsax" adlandırsınlar, onsuz da şəhərin meri ermənidir, bizi maraqlandırmır"....... Emil SALAMOĞLU “Yeni Müsavat”
|
|
 |
Partiya |
 |
Partiyanın Liderləri |
 | Məlumat Mərkəzi |
|