|
Siyasi mədəniyyətin inkişafı cəmiyyətin siyasi bilik və təcrübə səviyyəsi ilə sıx bağlıdır. İstənilən dövlətin inkişafı üçün vətəndaşların siyasi və sosial fəallığı vacib hesab edilir. Vətəndaşın siyasi və sosial mənada önəmli faktor hesab edilməsi isə onun ölkədə gedən proseslərə təsiri ilə ölçülür. Təsadüfi deyil ki, demokratik prinsiplərin hakim olduğu dövlətlərdə əhalinin siyasi və sosial mədəniyyət səviyyəsi inkişaf edib. Sosial və siyasi mədəniyyətin inkişafı xalq və hakimiyyət münasibətlərinə müsbət təsir göstərir və milli birliyi möhkəmləndirir.
Mövzu ilə bağlı Pravda.az-a danışan Milli Məclisin deputatı Asim Mollazadə deyib ki, vətəndaşların hüquqi və siyasi mədəniyyətinin inkişafı üçün ciddi maarifləndirmə işləri həyata keçirilməlidir.
A.Mollazadənin fikrincə, bununla yanaşı, təhsilin səviyyəsi artırılmalı və ümumi mədəniyyət sahəsində inkişafa nail olunmalıdır: "Ümumi mədəniyyət anlayışının düzgün təbliği cəmiyyətdə sosial və siyasi mədəniyyətinin inkişafına müsbət təsir göstərə bilər. Vətəndaşların sosial və siyasi fəallığının artırılması üçün də ciddi işlərin görülməsi vacibdir. Qeyd etmək lazımdır ki, bu mənada xüsusilə qadınların fəallığının inkişafı Azərbaycanın gələcək tərəqqisi üçün vacib amildir. Nəzərə alınmalıdır ki, Azərbaycan qadınları tarixən Türk- İslam dünyasının liderlərindən olublar. Ona görə də ümumi cəmiyyətin sosial və siyasi fəallığının artırılmasında qadınların rolu böyükdür. Ümumiyyətlə, Azərbaycanda, əsasən, müstəqillik əldə edildikdən sonra formalaşan siyasi mədəniyyət azərbaycançılıq kontekstində inkişaf edir, bu ideologiyaya xidmət göstərir"....
Nəzrin Cavid Pravda.az
|