|
Aprelin 10-da Fransada prezident seçkilərinin 1-ci turu keçiriləcək. Son rəy sorğularına görə, indiki prezident Emmanuel Makron liderliyini saxlasa da, onunla əsas rəqibi, ifrat sağçı Marine Le Pen arasında reytinq fərqi azalıb. Bu da seçkilərə marağı olduqca artırır. Eyni zamanda, artıq gözlənilən II turun da vaxtı məlumdur. Bu tur aprelin 24-də baş tutacaq.
Bu sorğular nə deyir? Makron ikinci müddətə öz postunu saxlaya biləcəkmi? Ümumiyyətlə, Azərbaycan üçün ən sərfəli namizəd kimdir, varmı beləsi?
Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Makronun işinin elə də asan olmadığını qeyd etdi: “Hələ ki, ən çox reytinqə sahib olan indiki prezident Emmanuel Makrondur. Onun əsas rəqibi isə xanım Marine Le Pendir. Çox güman ki, II tur olacaq. Bu turda isə daha böyük ehtimalla Makronun qələbəsi gözlənilir. Amma prinsipcə sağ radikal qüvvələr birləşsə, onlar Makron üçün ikinci turda ciddi problem yarada bilərlər. Çünki hazırda birinci tur üçün sağ radikal qanad parçalanıb, bir neçə namizəd var. Amma ikinci turda onlar vahid qüvvə kimi çıxış etsələr, o zaman vəziyyət dəyişə bilər. Fransa sosialistləri əslində nüfuzlarını çox ciddi şəkildə itiriblər. Seçki prosesində onların imkanları çox məhduddur”.
Asim Mollazadə: “Onlar ikinci turda Makrona ciddi problem yarada bilərlər”
Deputat namizədləri Azərbaycan acısından da dəyərləndirdi: “Azərbaycan üçün bu namizədlərdən hansısa böyük bir əhəmiyyət kəsb etmir. Sadəcə olaraq islamofobiya hökm sürür, sağ radikal qanad Fransada yaşayan müsəlmanlar üçün problemlər yaradırlar. Onlar əslində hər zaman öz siyasətlərində çox mənfi çağırışlar edirlər. Bu həm ölkə daxili, həm də xarici siyasətə mənfi təsirlər göstərir. Bununla yanaşı, Marine Le Penin xarici mənbələrdən, siyasi proseslərdən maliyyə dəstəyi qazanması, onun da müəyyən qədər təhlükəli qüvvələrlə əlaqələri bütün dünya üçün ciddi problemə çevrilə bilər”.....
Cavanşir ABBASLI “Yeni Müsavat”
|