Partiya  Böyük zəfər, qüdrətli dövlət, güclü iqtisadiyyat, sağlam siyasi dialoq-
11 aprel 2018-ci ildə İlham Əliyevin prezident seçilməsindən dörd il ötür. Ötən müddətdə ölkədə baş verən proseslərə nəzər yetirsək görərik ki, bu müddətdə Azərbaycanın iqtisadi-siyasi həyatında çox əhəmiyyətli dəyişikliklər baş verdi.
Dünyanı bürüyən qlobal pandemiya ilə mübarizə fonunda 44 günlük Vətən müharibəsində şanlı zəfər qazanılıb. Bu dövrdə ölkənin iqtisadi inkişafı ilə yanaşı, iqtidar-müxalifət münasibətlərində sağlam mühitin formalaşması, Vətən müharibəsi zamanı müxalifət liderlərinin də bir yumruq kimi birləşərək Prezidentə dəstək verməsi ölkəmizdə sağlam mühitin yarandığının sübutu idi.
Müxalif partiyaların sədrləri ilə söhbətimiz də bu barədədir.\

İlham Əliyev həm daxili, həm də xarici siyasətdə yeni münasibətlər sistemi yaradıb
Asim MOLLAZADƏ,
Demokratik İslahatlar Partiyasının sədri,
Milli Məclisin deputatı:
- Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi qəbul edilməsi İlham Əliyevin çəkdiyi zəhmətin nəticəsidir. İlham Əliyevin prezident seçilməsindən ötən 4 il ərzində Azərbaycan dünya tərəfindən çox etibarlı tərəfdaş kimi qəbul edilib, onun nüfuzu dəfələrlə artıb. 2018-ci il prezident seçkilərindən sonra ölkədə ciddi islahatlar prosesinə start verilib, idarəetmə sistemində nəsil dəyişikliyi başlayıb, müasir təfəkkürlü insanlar bu işə cəlb edilib. İdarəetmədə yeniliklərlə yanaşı, sosial istiqamətdə də uğurlu addımlar atılıb. İqtisadiyyatda, xüsusən vergi siyasətində çox ciddi struktur dəyişiklikləri həyata keçirilib. Prezident kadr siyasətində partiya faktoruna yox, peşəkarlığa üstünlük verərək cəsarətlə sistemin siyasi islahatlarını həyata keçirib. İqtidarla müxalifətin effektiv dialoqu qurulub. Bu dialoq 44 günlük müharibənin gedişində xalqın müxtəlif siyasi təbəqələri arasında birliyin yaranması istiqamətində mühüm addım oldu. Effektiv idarəetmə sisteminin qurulması üçün mühüm işlər görüldü, müvafiq yol xəritələri hazırlandı. Bunlara paralel olaraq qeyri-neft sektoru inkişaf etdirildi.
Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi, neft və qaz sahəsindən asılılığın azaldılması istiqamətində fəal çalışır. İlham Əliyev o liderlərdəndir ki, böhranlı vəziyyətlərdə operativ və effektiv qərarlar qəbul etməyi bacarır. Dünya liderləri ilə normal ünsiyyət bacarığı və əməkdaşlıq qabiliyyəti var. Bir zamanlar onu şiddətli tənqid hədəfinə çevirən dünya mediası istər 44 günlük müharibə dövründə, istərsə də ondan sonra İlham Əliyevə münasibətlərini yaxşı mənada dəyişiblər, çünki o, dünyanın aparıcı KİV-nə verdiyi müsahibələri, səmimi və məntiqli fikirləri, ölkəsinin maraqlarını ləyaqətlə təmsil etməsi ilə onların rəğbətini qazanıb.
Azərbaycan bir çox mühüm beynəlxalq tədbirə, idman yarışlarına evsahibliyi etməklə ölkəmizi yaxşı yöndən dünyaya tanıdıb. Bu addımlar ölkənin turizm, iqtisadi, mədəni potensialını dünyaya açıb, həmçinin investisiya imkanlarını nümayiş etdirib.
İlham Əliyevin siyasəti həm də Azərbaycanın dünyaya açılan mədəni bir pəncərə olduğunu göstərdi. Azərbaycanda təşkil edilən müxtəlif beynəlxalq festivallar, dünya şöhrətli ədiblərimizin yubiley mərasimləri, onlara həsr olunan elmi, mədəni və kütləvi tədbirlərin keçirildiyi illər (“Nəsimi ili”, “Nizami ili” və s.) ölkəmizi həm də Şərq musiqisinin, mədəniyyət və incəsənətinin, poeziyasının, ədəbiyyatının beşiyi kimi tanıtdı. İndi dünya Azərbaycanı həm də müsəlman şərqində bir çox ilklərə imza atmış, multikultural dəyərlərə üstünlük verən, çəkinmədən sivilizasiyalararası dialoqa evsahibliyi edən ölkə kimi tanıyır. Bizim mədəni irs nümunələrimiz UNESCO səviyyəsində tanınır və qorunur.
İlham Əliyev çoxsaylı uğurlarına görə tarix kitablarına adını yazdırıb. Bunlardan ən şərəflisi və möhtəşəmi ərazilərimizin Ermənistanın işğalından azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır. Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır, nöqtə” ifadəsinə İlham Əliyev son dərəcə populyar olan “Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri ilə cavab verdi. Hər şey də elə bundan başladı. Onun məhz “Qarabağ Azərbaycandır!” ifadəsi ərazilərimizin işğaldan azad edilməsinə və bizi qalib millətə çevirməyə vəsilə oldu.
Prezident yenidən formalaşdırılan parlamentin ilk iclasında yeni siyasi islahatlarla bağlı anons vermişdi. Bu, milli birliyin yaranmasına vəsilə oldu. Tədricən Silahlı Qüvvələrimiz xalqın dəstəyini hiss etdi, yeni nəsil Azərbaycan əsgəri yetişdi. Torpaqlarımızın azad edilməsi İlham Əliyevin prezidentlik dönəmində əldə etdiyi uğurların zirvəsi idi.
Bu, dünyanın, beynəlxalq təşkilatların üç onillik ərzində həll edə bilmədiyi Qarabağ probleminin cəmi 44 günün içində həll olunması idi. Bu, xalqımızın qürurunun, şərəfinin, inamının özünə qaytarılması idi. Onun liderliyi altında Azərbaycan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş, amma yerinə yetirilməmiş dörd qətnaməsinin tələblərinin təkbaşına həyata keçirilməsidir. ATƏT-in Minsk qrupu həmsədrlərinin 1994-cü ildən indiyə qədər həyata keçirdiyi vasitəçilik missiyası heç bir nəticə verməmişdi. Sonunda Azərbaycan Ermənistan silahlı qüvvələrinin təmas xəttində törətdiyi növbəti hərbi təxribatlara cavab olaraq cəmi 44 gün ərzində ərazilərinin 30 illik işğalına güc yolu ilə son qoydu. Bu müharibədə Azərbaycanın 2900 nəfərədək hərbçisi və yüzə qədər mülki vətəndaşı həlak oldu, lakin müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan Ordusu Ermənistanın işğalçı ordusu üzərində zəfər çaldı. Ermənistan rəhbərliyi ölkənin ordusunun tamamilə məhv olduğunu görərək kapitulyasiya aktına qol çəkməyə hazır olduğunu bəyan etdi. Azərbaycan öz şərəfli tarixinə daha bir möhtəşəm günü - 8 Noyabr - Zəfər Gününü əlavə etdi.
Beləliklə, İlham Əliyev beynəlxalq güclərin diqqətini illərlə görməzdən gəldikləri, bölgənin inkişafını əngəlləyən, sülh və sabitliyə təhlükə yaradan problemə cəlb etdi. O, regionda yeni reallıqlar yaratdı. Artıq hər kəs bu regionda Azərbaycanla hesablaşmağın vacib olduğunu dərk edir. Bu, məhz İlham Əliyevin vaxtında və yerində verilmiş qərarlarının, müdrik siyasətinin nəticəsidir.
Bu yaxınlarda Brüsseldə NATO-nun baş qərargahında keçirilən görüş zamanı baş katib Yens Stoltenberqin Azərbaycan, onun NATO ilə uğurlu əməkdaşlığı və regionda sülhyaratmaya verdiyi töhfələrlə bağlı fikirləri çox diqqətçəkəndir. NATO rəhbərliyi də artıq Cənubi Qafqaz regionunda aparıcı gücün məhz Azərbaycan olduğu reallığını qəbul edir.
İlham Əliyevin tutduğu mövqe bölgədə yeni münasibətlər sisteminin yaranmasına təkan verib. “3+3” (3+2) əməkdaşlıq formatı, Türk Dövlətləri Təşkilatının genişlənməsi, Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə həyata keçirdiyi mühüm fəaliyyətlər bunun bariz nümunəsidir.
O da diqqətdən qaçmamalıdır ki, 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi tam dəstək, ardından da Şuşa Bəyannaməsinin imzalanması iki ölkə arasında münasibətlərin ən yüksək həddə çatdığının göstəricisi idi. İki ölkənin birlikdə həyata keçirdiyi hərbi təlimlər Azərbaycan Silahlı Qüvvələrinin daha da inkişafına və güclənməsinə xidmət edir. Bu həm də bütün dünyaya mesajdır ki, Azərbaycan və Türkiyə birlikdə regionda vahid gücdür, onları təkləmək, görməzdən gəlmək mümkün deyil.
İlham Əliyevin şəhid ailələrinə, müharibə əlil və veteranlarına göstərdiyi qayğı cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Bu, bir daha onu göstərir ki, dövlətimiz onun ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ailələrinə, müharibədə sağlamlığını itirmiş qazilərə, müharibə iştirakçılarına öz borcunu ödəməkdə israrlıdır. Dövlət öz vətəndaşına, döyüşən övladlarına, şəhidlərinin ailələrinə sahib çıxır və həmişə də çıxacaq.
İlham Əliyev dünyanı bürümüş pandemiya dövründə virusun geniş yayılmasının qarşısının alınması, xəstələrin müalicəsi üçün təcili və effektiv tədbirlərin görülməsi ilə bağlı müvafiq addımlar atıb. Ölkəyə peyvəndlər gətirilib və əhalinin 3-4 dozada peyvənd qəbul etməsi üçün hər cür şərait yaradılıb. Məhz bu effektiv siyasət sayəsində Azərbaycanda pandemiya ağır fəsadlar verməyib.
İlham Əliyevin pandemiya dövründə atdığı adekvat addımlar, imkanı olmayan ölkələrə peyvəndlərin, tibbi ləvazimatların göndərilməsi kimi humanitar aksiyalara dəstək verməsi də dünyada onun nüfuzunun artmasına gətirib çıxarıb. Azərbaycan humanitar fəlakətlə üzləşən ölkələrə dəstək verməklə, həm də humanizm nöqteyi-nəzərindən etibarlı tərəfdaş olduğunu göstərib.
Azərbaycan eyni zamanda dünyanın bir sıra bölgələrinin enerji təhlükəsizliyinin təminatı ilə bağlı həyata keçirdiyi layihələrlə də diqqət mərkəzində olub. Bu layihələr bilavasitə Avropanın, İsrailin enerji təhlükəsizliyində mühüm rol oynayıb. Son dövrlərdə Rusiya-Ukrayna münaqişəsi kontekstində Avropanın enerji təhlükəsizliyi sahəsində yaranan problemlər Azərbaycanın alternativ enerji mənbəyi kimi önəmini daha da artırıb. Eyni zamanda Azərbaycan Ukraynaya göstərdiyi humanitar dəstəklə Qərb dünyasının rəğbətini qazanıb.
Azərbaycanın həyata keçirdiyi vacib missiyalar ölkəmiz haqqında müsbət imic formalaşdırıb, dünyada ona etibarlı tərəfdaş və dost kimi inamı artırıb. Bütün bunlar birbaşa İlham Əliyevin yeritdiyi düzgün, praqmatik və uğurlu siyasətin nəticəsidir.
Hazırda dövlətin və xalqın qarşısında Böyük qayıdış, Qarabağı cənnətə çevirmək kimi bir missiya dayanır. Əminəm ki, Prezidentin bu istiqamətdə də strategiyası uğurla nəticələnəcək.
Prezidentin həm müharibə dövründə, həm də ondan sonra Azərbaycanı dünyaya daha yaxşı yöndən tanıtması xalqımıza da rəğbəti artırıb. Bunu daha da inkişaf etdirmək lazımdır. Odur ki, ölkədə hər kəs Prezidentin ətrafında birləşərək, vahid bir yumruğa çevrilərək çəkici eyni nöqtəyə vurmalı, ölkəmizi daha parlaq gələcəyə doğru ləyaqətlə aparmalıdır.......
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”
  Partiya
  Ümumi məlumat
  Məramnamə
  Nizamnamə
  Necə qoşulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə