Partiya  Azərbaycanla Ermənistan sülh müqaviləsinə doğru... - bunu hansı qüvvələr istəmir?-
Asim Mollazadə: “Rusiya Ermənistanı öz inhisarında saxlamaq istəyir”
Aprelin 17-də İrəvanda etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları Qarabağın Ermənistana birləşdirilməsi haqda çağırışlar ediblər. Analitiklərin fikrincə, bu cür imitasiyalı aksiyaların məqsədi sülh müqaviləsi prosesini əngəlləməkdir və Moskvadan gələn təlimatlar əsasında təşkil olunur.
Erməni müxalifətinin Rusiya bağlantısının olduğunu nəzərə alsaq, İrəvan-Bakı arasında sülh sazişi istiqamətində pozitiv bir proses getdiyi vaxtda Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə aksiyanın keçirilməsi məhz danışıqları pozmağa hesablanmış addımlardır. Bəs Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını hansı qüvvələr istəmir? Paşinyan əleyhinə Ermənistanın daxilində qızışdırıcı fəaliyyəti Rusiya koordinasiya edir?
Çünki Avropa İttifaqının vasitəçiliyi ilə aprelin 6-da Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçirdikləri görüşdə əldə olunan razılaşmaları pozmaq üçün Rusiyanın hərəkətə keçdiyi iddiaları səslənməkdədir. Bu görüşdən iki gün sonra Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvaya çağırılıb və Sergey Lavrov ona Moskvanın patronajlığı ilə imzalanmış üçtərəfli razılaşmaları xatırladıb. Daha sonra Rusiya XİN rəhbəri Qarabağ danışıqları üçün xüsusi nümayəndə təyin edib. Aprelin 19-da isə Ermənistanın baş nazirinin Moskvaya səfəri gözlənilir. Maraqlıdır, Putin Paşinyanla nə danışacaq? Bu səfərdən nə gözləmək olar? Rusiya Paşinyanı Brüssel razılaşmasını pozmağa vadar, məcbur edə bilərmi? Ermənistan baş naziri həqiqətən sülh müqaviləsi istəyirmi?
Deputat Asim Mollazadə “Yeni Müsavat”a qeyd etdi ki, Rusiya Brüssel görüşünə rəsmi şəkildə müsbət münasibət sərgiləyib. Onun sözlərinə görə, Moskva öz xüsusi nümayəndəsini müəyyənləşdirməklə Minsk Qrupunun da olmadığını etiraf edib. “O ki qaldı İrəvanda ”Qarabağ mafiyası"nın həyata keçirdiyi proseslərə, bu da gözləniləndir. Onlar hərbi cinayətkarları təmsil edirlər, Rusiyada, Fransada və Amerikadakı millətçi qruplara, diaspora sıx bağlıdırlar. Həmin qüvvələr isə münaqişənin davamını istəyirlər. Ancaq Ermənistanda yaşayan əhali hərbi canilərə “yox” deyib və seçkidə də mövqeyini bildirib", -deyə A.Mollazadə vurğuladı.
Deputat hesab edir ki, hərbi cinayətkarların daxildə dəstəyi azdır, amma xaricdən ciddi dəstək alırlar: “Rusiya isə üçtərəfli bəyanatı dəstəklədiyini bildirir. Rusiyanın indiki halda müharibə istədiyini söyləmək çətindir, hər hansı müttəfiqinə dəstək verə bilməyəcək. Sadəcə, Rusiya Ermənistanı öz inhisarında saxlamaq istəyir, bunun üçün geniş imkanları var - sənayesini özəlləşdirib, hərbi bazası var və s. Ermənistan isə hər zaman oyunlar oynayıb, prosesi uzatmağa çalışıb ki, guya qarşıda onları hansısa uğurlar gözləyir. Amma vaxt daralır, Ermənistanın bir dövlət kimi mövcudluğu üçün sülh müqaviləsindən başqa yolu qalmayıb”.....
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə