Partiya  Bu gün erməni parlamenti Qarabağla bağlı o sənədi qəbul etsə... - revanşistlərin həmləsi-
Müxalifət lideri bildirib ki, Ermənistandakı bütün siyasi qüvvələr ya bu sənədə səs verməlidir, ya da satqındırlar...
Ermənistan parlamentində yer almış revanşist klan - müxalifət ölkəni Qarabağ üçün səfərbər etməyə hazırlaşır. “Yeni Müsavat” yazır ki, “Müqavimət Hərəkatı”nın rəhbərlərindən biri İşxan Saqatelyan bu gün - 3 iyunun Qarabağ üçün həlledici tarix olacağını açıqlayıb.
Spikerin müavini olan Saqatelyan bildirib ki, Ermənistandakı bütün siyasi qüvvələr və dövlət qurumları müxalifətin Bakı və Ankara ilə münasibətləri ilə bağlı təklif etdiyi bəyanata öz mövqelərini bildirməlidirlər. Onun sözlərinə görə, Qarabağda ermənilərin mövcudluğu və Ermənistanın dövlətçiliyi üçün zəruri olan minimum tələbləri sənəd şəklində formalaşdırıblar: “Kim bu sənədə qarşıdırsa, erməni xalqına qarşıdır. Əgər kimsə bu sənədin əleyhinədirsə, o, ya başqa ölkənin agentidir, ya da düşmənin maraqlarına xidmət edir”.
Müxalifət liderinin sözlərinə görə, Ermənistan Milli Assambleyasının iyunun 3-də keçirilməsi nəzərdə tutulan növbədənkənar iclasına başlamazdan əvvəl bütün siyasi qüvvələr, ictimai təşkilatlar, ziyalılar, Milli Elmlər Akademiyası, bütün dövlət qurumları bu məsələ ilə bağlı qərar verməli və öz mövqelərini bildirməlidir: “Hamını meydana dəvət edirik, bir neçə istiqamətə və bir neçə ünvana gedək. Hər kəs - öz fraksiyasının deputatlarından tutmuş hökumət üzvlərinə kimi cavab verməlidir”. Bu çağırış hansı nəticələrə səbəb ola bilər? Ermənistan parlamenti Azərbaycan və Ankara ilə münasibətlərə ciddi təsir edəcək, prosesi tormozlayacaq sənədi qəbul edə bilərmi? Hətta sənəd qəbul olunsa belə, danışıqlara nə kimi təsiri olacaq?
Üstəlik, İrəvan revanşistləri bu sənədi qəbul etdirə bilərsə, bu, Ermənistan hakimiyyətinin ABŞ və Avropa ilə münasibətlərini gərginləşdirə bilər. Çünki sərhədlərin dəqiqləşməsi və kommunikasiyaların açılmasını bütün dünya gücləri istəyir. Eyni zamanda, Avropa Birliyi bildirib ki, Ermənistana müharibənin fəsadlarının aradan qaldırılması ilə bağlı ayıracağı vəsaiti həmin ölkənin davranışına uyğun tənzimləyəcək. Belə görünür ki, erməni lobbisinin təsiri altında olan revanşist güclər Paşinyan hökumətini pis vəziyyətə salmaq üçün çalışırlar, nəinki ölkənin mənafeyini düşünürlər. Bəs bu sənədə Ermənistan parlamentinin münasibəti necə olacaq? Ölkənin ziyalıları, akademikləri çağırışlara qoşulacaqmı?
Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a qeyd etdi ki, Ermənistanda özünü müxalifət adlandıran hərbi cinayətkarlar heç bir siyasi dəstəyə malik deyil. Deputatın sözlərinə görə, onlar həmin sənədi keçirə bilməzlər: “Onlar kütləvi dəstək də qazanmayıb. Hətta müharibədən sonra məğlubiyyət də onları hakimiyyətə qaytarmadı və erməni xalqı sülh tərəfdarlarına səs verdi. Seçkinin nəticələri göz qabağındadır. Ona görə ”Qarabağ klanı" yalnız terror və yaxud hərbi çevriliş edə bilər ki, bunun üçün də imkanları məhduddur. Fikrimcə, belə sənədlər cinayətkar klanın gündəmdə mövcud olmasına yönəlik addımlardır".
A.Mollazadə hesab edir ki, Ermənistan Türkiyə və Azərbaycanla əlaqələri yaxşılaşdırmasa, bir dövlət kimi mövcudluğu indidən şübhə doğurur: “Hərbi cinayətkarları isə dünyada ancaq özləri kimilər dəstəkləyə bilər. Eyni zamanda biz baxmalıyıq ki, bütün beynəlxalq təşkilatlar mövqeyini necə ifadə ediblər. Xüsusən Avropa Birliyi, eləcə də nüfuzlu ölkələr Azərbaycanın sülh təkliflərini dəstəkləyirlər. Bu mənada revanşistlər erməni cəmiyyətinə yaxşı heç nə təqdim edə bilmirlər və onların siyasəti türkə nifrət üzərində qurulub. Habelə hakimiyyətdə olduqları dövrdə korrupsiya ilə yadda qalıblar, xaricdən yardımları da mənimsəyiblər. Odur ki, həmin qüvvələri təkcə xaricdəki aqressiv erməni diasporunun bir qismi, yəni terror şəbəkəsinə bağlı hissəsi dəstəkləyir, Rusiya da ciddi dəstək vermir. Sadəcə, mövcudluqlarını qorumaq üçün belə addımlar atırlar və Ermənistan parlamentindən dəstək qazana bilməyəcəklər”.....
Emil SALAMOĞLU
“Yeni Müsavat”
  Partiya
  Ümumi məlumat
  Məramnamə
  Nizamnamə
  Necə qoşulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə