Partiya  Deputat: “Ermənistan öhdəliklərini yerinə yetirməsə, özünə çox ciddi problemlər yaradacaq”-

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində diqqətçəkən açıqlamalar verib. Məsələn, deyib ki, Ermənistandan yenidən “Dağlıq Qarabağın statusu” açıqlamaları eşidilir və bununla özləri üçün təhlükə yaradırlar: “Çünki “Dağlıq Qarabağ” yoxdur. Dağlıq Qarabağ Muxtar vilayəti 1991-ci ilin sonunda Azərbaycan parlamentinin qərarı ilə ləğv edilib”.

“Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altına qoysa, bizim başqa seçimimiz qalmayacaq. Biz də həmçinin Ermənistanın ərazi bütövlüyünü sual altına qoyacağıq”, - deyə dövlət başçısı bildirib.

Prezident daha sonra qeyd edib ki, rəsmi Tbilisi Azərbaycan, Gürcüstan və Ermənistan xarici işlər nazirləri səviyyəsində Gürcüstanda üçtərəfli görüş keçirilməsini və dialoqa start verilməsini dəstəkləsə də, Ermənistan bundan imtina edir: “Bizim bununla bağlı mövqeyimiz ortadadır və bu təşəbbüsə çox müsbət yanaşırıq. Bir neçə Avropa institutu da eyni təklifi səsləndirir. Lakin Ermənistan yenə bundan imtina edir”.

İlham Əliyevin açıqlamalarını AYNA-ya şərh edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə hesab edir ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə, özünə çox ciddi problemlər yarada bilər: “Ermənistan üçün tarixi fürsət yaranıb ki, qonşulara qarşı ərazi iddialarına son qoyaraq normal bir dövlətə çevrilsin. Azərbaycanın və Türkiyənin təklifinə əsasən imkanları var ki, normal əməkdaşlıq və tərəfdaşlıq münasibətlərindən faydalana bilsinlər. Çox təəssüf ki, onlar revanşist ideyalarından və ərazi iddialarından əl çəkmirlər. Bu siyasəti davam etdirəcəklərsə, heç şübhəsiz ki, çox ciddi təhlükələrlə üzləşəcəklər”.

“Prezident İlham Əliyev bununla bağlı aydın mövqe ifadə edir və bu, beynəlxalq hüquq normaları ilə tənzimlənir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edərsə, yenidən ərazi iddiaları ilə çıxış edərsə, öz üzərinə götürmüş olduğu öhdəlikləri yerinə yetirməsə, o zaman vəziyyət yenidən gərginləşə bilər. Bu isə ilk növbədə Ermənistanın özü üçün təhlükə yaradacaq. Yaxşı olardı ki, rəsmi İrəvan bunu nəzərə alsın və revanşist iddialarından əl çəksin”, - deyə həmsöhbətimiz bildirib.

Deputat əmindir ki, Ermənistan öz üzərinə götürdüyü öhəliklərə qeyd-şərtsiz əməl etməsə, özünü yeni təhlükələrlə üz-üzə qoyacaq: “O ki qaldı Prezident İlham Əliyevin Gürcüstanda üçtərəfli görüş təşəbbüsündən Ermənistanın imtina etməsinə, bu da revanşist siyasətin davamı kimi qiymətləndirilə bilər. Əgər onlar regiona sülhün və barışın gəlməsini istəyirlərsə, o halda bu təşəbbüslərə müsbət cavab verməlidirlər. Sülhə yönəlik bütün təşəbbüslər təqdirəlayiqdir və rəsmi Tbilisinin üçtərəfli görüş təşəbbüsü də yüksək qiymətləndirilməlidir. Lakin tarixi təcrübəyə istinad etsək, görərik ki, Ermənistan bütün dövrlərdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina edib. Bu, əvvəllər də belə idi, indi də”.

“Bütün bunlarla belə, onlar unutmamalıdırlar ki, 44 günlük Vətən müharibəsində Ermənistanın işğalına son qoyulub. Tarixi ədalət bərpa olunub və bundan sonra onların artıq geriyə yolu yoxdur. Moskva, Soçi və Brüssel görüşlərindən sonra da Ermənistanın yenidən oyunlar oynaması, vaxt qazanmağa çalışması onu uçuruma sürükləyir. Bu oyunların isə çox ağır bədəli ola bilər”, - deyə Mollazadə vurğulayıb.....

Ayna.az

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə