Deputat: “Daxildəki iqtisadi problemlər öz həllini taparsa, Ərdoğanın qələbəsi qaçılmaz olacaq”
Gələn il Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Seçkilər qardaş ölkədə olduğu kimi, Azərbaycanda da maraqla izlənir. Bəzi sosioloji sorğu mərkəzləri qarşıdakı seçkilərdə müxalif namizədin qalib gələcəyini açıqlasalar da, əks qənaətdə olanlar, Prezident Rəcəb Tayyib Ərdoğanı müdafiə edən “Cümhur İttifaqı”nın qələbə qazanacağını söyləyənlər də var. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmiləri ilə görüş zamanı qarşıdakı seçkiləri şərh edən Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, 2023-cü ildə keçiriləcək seçkilər Türkiyənin həyatında vacib rol oynayacaq: “2023-cü il seçkiləri Ərdoğan və AKP üçün deyil, Türkiyə üçün önəmlidir. Türkiyənin dünyanın ən inkişaf etmiş on ölkəsinə daxil olub-olmaması xalqın seçimindən asılı olacaq”. Qeyd edək ki, Türkiyənin altı müxalifət partiyası prezident üsul-idarəsinin parlamentar sistemlə əvəzlənməsi təşəbbüsü ilə çıxış ediblər. Bunlar İYİ Partiya lideri Meral Akşener, Səadət Partiyasının lideri Təməl Karamollaoğlu, Demokrat Partiyasının lideri Gültəkin Uysal, Gələcək Partiyasının lideri Əhməd Davudoğlu, DEVA Partiyasının lideri Əli Babacan və CHP lideri Kamal Kılıçdaroğludur. Hələlik yalnız Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğanın rəsmi namizəd olacağı təsdiqlənib. Digər namizədlərin adları isə ictimaiyyətə məlum deyil. Ehtimal olunur ki, seçkilər yaxınlaşdıqca müxalifət vahid namizəd və blok halında seçkilərə qatılacaq. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə AYNA-ya açıqlamasında söyləyib ki, Türkiyədəki seçkilərin nəticələri barədə danışmaq hələ tezdir: “Məlumdur ki, Türkiyə bu gün dünyanın aparıcı ölkələrindən və diplomatik oyunçularından biridir. Məhz elə buna görə də, qarşıdakı seçkilər təkcə Türkiyədə yox, bütün dünyada maraqla izlənir. Seçkilərdən bizi bir illik zaman ayırır. Seçkilərin favoriti iqtidarmı, yoxsa müxalifət namizədimi olacaq, bu barədə rəy vermək hələ tezdir. Seçkilər yaxınlaşdıqca situasiya daha aydın olacaq". "Görünən odur ki, Türkiyədə mövcud iqtisadi problemlər aradan qalxarsa, “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan üçün qalib gəlmək elə də çətin olmayacaq. Bunun üçün ilk növbədə iqtisadi problemlər, devalvasiya və inflyasiyanın qarşısı alınmalıdır. Hakim partiyanın qarşıda bir il zamanı var və inanıram ki, bundan öncəki böhranlardan çıxdığı kimi, Ərdoğan iqtidarı bu problemin də öhdəsindən gəlməyi bacaracaq”, - Mollazadə vurğulayıb. Deputat qeyd edib ki, Türkiyə çox düzgün xarici siyasət yürüdür və bunun müsbət nəticələri ortadadır: “Ukrayna məsələsinə və eyni zamanda digər diplomatik məsələlərə münasibətdə Türkiyə hökuməti çox düzgün siyasət yürüdür. Bu siyasət Türkiyənin maraqlarına uyğundur. Məhz elə buna görə də, bəzi dövlətlər, xüsusən, qardaş ölkənin inkişafında maraqlı olmayan dairələr hər vəchlə seçkilərin nəticələrinə təsir göstərməyə çalışırlar. Lakin onlar öz məqsədlərinə nail olmayacaqlar. Çünki Türkiyənin demokratik seçki ənənəsi və təcrübəsi var. Seçkilərin nəticələrinə türk xalqı qərar verəcək. Açığını desəm, müxalifət daxilində hamılıqla qəbul olunan xarizmatik lider mövcud deyil. Yəni Ərdoğanla müqayisə oluna biləcək lider yoxdur". "Ancaq bununla yanaşı bir daha söyləmək istəyirəm ki, hər şey mümkündür və hansısa qəti rəy vermək hələ tezdir. İqtisadi problemlər öz həllini taparsa, qarşıdakı seçkilərdə də Ərdoğanın qələbəsi qaçılmaz olacaq” –ADİP sədri deyib. Deputat əlavə edib ki, Türkiyə Azərbaycanın ən yaxın müttəfiqidir və qardaş ölkənin inkişafı bizim də maraqlarımıza cavab verir: “Azərbaycanla Türkiyənin münasibətləri hər zaman yüksək olub. Bu gün də yüksəkdir. Məhz bu iki qardaş dövlətin həmrəyliyi 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizi şərtləndirən əsas amillərdən biri oldu. Türkiyənin güclənməsini və daha qüdrətli ölkəyə çevrilməsini Azərbaycan xalqı da arzulayır. Şübhə etmirik ki, belə də olacaq” – deyə Mollazadə vurğulayır...... Ayna.az Müəllif: Azər Niftiyev
|