Partiya  Bakıda əsən Qazax rüzgarı Ermənistanı vurdu!-
Comərt dostumuz Bakıya nə ilə gəldi, nə apardı?
Qazaxıstan prezidenti Qasım Comərt Tokayevin Azərbaycana səfəri ciddi tarixi nəticələrlə müşayiət olundu. İki ölkə arasında iqtisadi ticarət əlaqələrinin inkişafı, rəqəmsal İpək yolu, energetika, nəqliyyat-tranzit sahəsində əməkdaşlığın inkişafı, qarşılıqlı investisiyalar, mədəni- humanitar əlaqələrin yüksəldilməsi barədə anlaşmalar və imzaladıqları sənədlər mühüm əhəmiyyət kəsb edir. Lakin məsələ və birgə verilən mesaj yalnız bundan ibarət deyil. 2 türk dövləti - türklərin yüksəlişdə və inteqrasiyada, bir-birinə daha da yaxınlaşmaqda olduğunun, ümumi və ikili ittifaqlar qurduqlarının mesajlarını verdilər. Təsadüfi deyildi ki, Comərt Tokayev Bakıda olduğu müddətdə erməni mediası heç susmadı - vaveyla və həşir janrında nələr yazmadılar... Erməni siyasi elitası və ictimaiyyəti Qazaxıstanın az qala Türkiyə qədər Azərbaycana yaxınlaşmasından çaşbaş qalmış və operativ şəkildə Tokayev - İlham Əliyevin açıqlamalarını yayır, onlara reaksiyalar verirdilər.
Onları daha çox Qazaxıstanın Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərində iştirakı narahat edirdi. Kurmanqazi adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi, Şuşa ilə Türkistanın qardaşlaşması barədə məlumatlar anındaca erməni telegram kanallarında peyda olur, bu addımları tənqid edir, tək qaldıqlarının altını təkrar cızırdılar.
Dövlətimiz, bu dövləti idarə edən prezident İlham Əliyev Azərbaycanın müttəfiqlərinin sayının artırdıqca, Ermənistan və dünya erməniliyi kiçildiyini, prosesi geridönməz şəkildə uduzduğunu bir daha fərq edir və bundan dəhşətə gəlir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin hər bir uğuru Ermənistanın və Azərbaycan torpaqlarına iddia edən dünya erməniliyinin, erməni kilsəsinin, onların arxasında duran böyük güclərin ciddi məğlubiyyəti, 150 illik bir savaşı büsbütün uduzmasıdır.
Azərbaycan erməni aqressiyasını durdurdu, onun başını əzdi, indi isə dövlətimizə yönəlik mövcud və perspektiv təhdidləri nəzərə alaraq, təhlükəsizlik zolağına bir türk səddi də çəkməkdədir. Bu mənada, Qazaxıstanla son bəyannamə, Türkiyə ilə ittifaq dövləti qurulması, Özbəkistanla xüsusi və çox isti əlaqələrin inşa edilməsi. Prezident Əliyevin diplomatiyada zərgər dəqiqliyi ilə qurduğu sistemin uğurla həyata keçirilməsidir. Prezident Əliyev Azərbaycanı türk dünyası boyda böyütməkdə, Ermənistanı da o qədər kiçiltməkdə və real miqyasını ortaya çıxartmaqdadır.
Prezident Əliyev işi və sistemi elə qurur ki, Nazarbayev kimi ağsaqqal ortada və gündəmdə olmayanda da Qazaxıstan Azərbaycanın yanında olur. Bu, elə bir modeldir ki, yaxın və uzaq gələcəkdə hələ bizə çox lazım olacaq...
Erməniləri yaralayan fraqmentlərdən biri də Tokayevin qələbə münasibətilə Prezident İlham Əliyevə təbrik etməsi oldu. Bizi də elə ən çox təəccübləndirən ermənilərin bu cür məsələlərdə yaşadıqları məyusluqdur. Görəsən, onlar nə gözləyirmiş? Bir türk dövlət başçısı digər türk dövlət başçısını real qələbəsi münasibəti ilə təbrik etməyəcəkdimi? Axı sonrakı proseslər də göstərdi - Azərbaycanın Qarabağdakı qələbəsi türk dünyasına mistik bir təsir bağışladı - Avrasiyanın bu etnosu qəfil bir yüksəliş, dirçəliş yaşadı. Qarabağda qazanılan zəfər Türk Dövlətləri Təşkilatı ortaya çıxartdı...
Beləliklə, Comərt Tokayev Bakıya gəldi, Azərbaycandan əsən türk rüzgarı Ermənistanı elə vurdu ki! Yəqin hələ bir neçə gün bu məsələləri müzakirə edəcəklər.
Onlar müzakirə açmaqda olsun, biz də Comərt Tokayev Bakıdan nə ilə döndüyünə bir qısa nəzər salaq. Bunun üçün Azərbaycanın tanınmış politoloqlarına müraciət etdik.
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə “Yeni Müsavat”a deyib ki, Azərbaycanla Qazaxıstan arasında strateji əməkdaşlıq yeni səviyyəyə yüksəlməkdədir: “Ölkələrimiz arasında bu günə qədər tərəfdaşlıq vardı. İndi isə bu tərəfdaşlıq strateji əməkdaşlıq səviyyəsinə qalxıb. Bizim əməkdaşlığımız Türk Dövlətləri Birliyi çərçivəsində, çox geniş iqtisadi, enerji, nəqliyyat və başqa sahələrdə genişlənəcəkdir. Bunun üçün çox böyük potensial var. Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin 1 milyard dollara qədər artırmaq planları var. Bu çox ambisiyalı planlardır. Azərbaycanla Qazaxıstanın bu planları həyata keçirmək üçün olduqca böyük potensialı var. Ermənistan bu gün özü-özünü təcrid duruma salıb. Qonşularla xoş münasibətlər əvəzinə revanş, müharibə siyasətinə üstünlük verir. Ermənistan buna görə də normal dövlətə çevrilə bilmir. Bu gün Ermənistan vandal dövlət statusundan əl çəkib Azərbaycan Qazaxıstan birliyindən yararlana bilər”.
Partiya sədri deyir ki, bu gün Ermənistan Qazaxıstanla hərbi birliyin üzvləridir: “Buna baxmayaraq Qazaxıstan Azərbaycanı dəstəkləyir. Həmin birlikdə olan digər dövlətlər də Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun mövqeyini dəstəkləyirlər. Ermənistan məhz buna görə təşvişə düşüb. Bu gün Ermənistan dünyada qəbul olunmayan təhlükəli qüvvələrlə əməkdaşlıq edir. Terrora əsaslanan qüvvələrlə əməkdaşlıq çərçivəsində yaxın orta şərqdən Azərbaycanın işğal olunmuş ərazilərinə köç təşkil etməklə beynəlxalq hüquq normalarını pozur. Ermənistan Türkiyə və Azərbaycanla normal münasibətlər qurmaqla özünü xilas edə bilər. Azərbaycanın hər bir uğuru, əməkdaşlıq istiqamətində atdığı hər bir addımı Ermənistanda təşvişə salır. Bunun üçün gerçəkdən də əsaslar var”.
Partiya sədri deyib ki, Azərbaycanla-Qazaxıstan arasında imzalanan sənədlər yeni reallıqlar üçün hüquqi baza rolunu oynayacaq.....
E.MƏMMƏDƏLİYEV,
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə