Partiya  Deputat: “Payızda ABŞ Konqressinə seçkilər keçiriləcək və seçkiöncəsi “əsəb müharibəsi” pik həddə çatıb”-

Ağ Evin keçmiş rəhbəri Donald Tramp ABŞ-da növbəti Prezident seçkilərinin keçirilməsini tələb edən açıqlama ilə çıxış edib. Amerikanın sabiq Prezidenti bəyan edib ki, Bayden administrasiyası ABŞ-ı və dünyanı uçuruma sürükləyir. Onun sözlərinə görə, ölkəsinin və dünyanın nicatı üçün amerikalılar növbədənkənar Prezident seçkilərinə getməli və Baydenin hakimiyyətdən uzaqlaşdırılmasına nail olmalıdırlar.

Trampın Rusiya ilə yaxın münasibətlərdə olduğu hər kəsə məlumdur. Hətta ABŞ rəsmiləri Rusiyanın 8 noyabr Prezident seçkilərinə kibermüdaxilə etməsi ilə bağlı fikirlər də səsləndiririblər. Bəzi analitiklər hesab edirlər ki, Trampın bu açıqlaması təsadüfi deyil və Moskvanın maraqlarına xidmət edir. Lakin onlar Rusiyanın Tramp və digərləri vasitəsilə ABŞ-ın daxili siyasətinə təsir etmək gücündə olmadığından əmindirlər.



Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə AYNA-ya deyib ki, bu ilin payızında Amerikada keçiriləcək seçkilər ərəfəsində Demokratlar ilə Respublikaçılar arasında münasibətlər yenidən gərginləşib: “Bir neçə ay sonra ABŞ Konqressinə növbəti seçkilər keçiriləcək. Seçkiöncəsi “əsəb müharibəsi” davam edir və seçkilər yaxınlaşdıqca iki partiya arasında rəqabət şiddətlənir. Hər iki partiyanın rəsmiləri bir-birinə qarşı müxtəlif təzyiq alətlərindən istifadə edirlər”.

“Burada əsas arqument Rusiya ilə bağlıdır. ABŞ-da yaşanan iqtisadi problemlərdən dolayı bəzi amerikalı siyasətçilər Prezident Baydeni və onun komandasını günahlandırırlar. Hesab edirlər ki, Rusiyaya qarşı yürüdülən siyasət mövcud iqtisadi böhranı şərtləndirən əsas amillərdəndir. Bu mənada Trampın çıxış yolu olaraq ABŞ-ın növbədənkənar Prezident seçkilərinə getməsi zərurətini bildirməsi təsadüfi sayıla bilməz”, - deyə həmsöhbətimiz bildirib.

Deputatın fikrincə, ABŞ Konqressinin tərkibində ciddi dəyişikliklər gözlənilsə də, Baydenin istefaya gedəcəyi inandırıcı deyil: “Amerika qanunlarına görə, Prezident hər hansı səbəbdən vəzifəsini tərk edərsə, bu halda vitse-prezident onun səlahiyyətlərini icra edir. Yəni, bu məsələdə hər hansı problem yoxdur. Digər yandan, Bayden özü də istefa vermək niyyətini açıqlamayıb. Respublikaçıların, eləcə də Donald Trampın açıqlamaları, əslində deyildiyi kimi, növbədənkənar Prezident seçkilərinə yox, Konqressə keçiriləcək seçkilərə hesablanıb. Hesab edirəm ki, bu ilin payızında Konqresin tərkibində ciddi dəyişikliklərin şahidi olacağıq”.

“O ki qaldı Moskvanın ABŞ-ın daxili siyasətinə təsirinə, Rusiya Amerikanın daxili siyasətinə təsir göstərmək iqtidarında deyil. Onun başı özünə və problemlərinə qarışıb. Sadəcə həm Respublikaçılar, həm də Demokratlar bir-birinə qarşı mübarizədə Rusiya faktorundan geniş istifadə edirlər. Bu, bir təzyiq alətidir”, - deyə Mollazadə vurğulayıb......

Ayna.az
Müəllif: Azər Niftiyev

  Partiya
  Ümumi məlumat
  Məramnamə
  Nizamnamə
  Necə qoşulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Nəzər nöqtəsi
  Konfranslar və Dəyirmi Masalar
  SEÇKİ 2010
  Fotoqalereya
  Video və musiqi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə