Son günlər Ermənistan Silahlı Qüvvələri
tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və
Zəngilan istiqamətlərində törədilmiş genişmiqyaslı təxribat bölgənin
təhlükəsizliyinə, sülhyaratma prosesinə qarşı böyük təhdiddir.
Bu barədə Demokratik İslahatlar
Partiyasının bəyanatında bildirilir. Qeyd olunur ki, onlarla hərbi
qulluqçunun həyatını itirməsinə səbəb olan bu genişmiqyaslı təxribatlara görə
məsuliyyət bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.
Çünki Azərbaycan 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli
üçtərəfli bəyanatlara sadiqlik nümayiş etdirir. Bunu işğaldan azad edilmiş
ərazilərdə apardığı sürətli abadlıq-quruculuq işləri də sübut edir. Lakin ermənilər Qarabağdan çıxarkən ətrafı dağıdır, evlərə,
meşə massivlərinə od vurur, minalar basdırırlar. Beləliklə də onlar regionda
sabitliyin yaranmasını istəmədiklərini, uzunmüddətli sülhə hazır olmadıqlarını
nümayiş etdirirlər. Ermənistanın bu sabotajlarına, hərbi təxribatlarına
qarşı cavab tədbirləri görməyə məcbur olan Azərbaycan haqsız şəkildə bəzi
beynəlxalq güclərin neqativ ritorikası ilə üzləşir. Məlum məsələdir ki, bu
ritorika da xaricdəki erməni lobbilərinin fəaliyyətinin nəticəsidir. Demokratik İslahatlar Partiyası
hesab edir ki, Azərbaycan Silahlı Qüvvələrinin cavab tədbirləri görmək hüququ
var və Ermənistanın hərbi təxribatlarına qınaqla yanaşmayan beynəlxalq
ictimaiyyət bu hüququ ölkəmizdən ala bilməz. Azərbaycanın ərazi bütövlüyü və
dövlət suverenliyi toxunulmazdır, heç bir halda müzakirə predmeti olmamalıdır. Bununla
yanaşı, ölkəmiz sülh çağırışlarına da pozitiv cavab verməyə davam etməli, hərbi-siyasi
sayıqlığını itirməməlidir. Çünki insan həyatları bizim üçün hər şeydən daha
önəmlidir.
Demokratik İslahatlar Partiyası Silahlı Qüvvələrimizin genişmiqyaslı
təxribatın qarşısı alınarkən həyatını itirmiş hərbi qulluqçuların ailələrinə,
yaxınlarına və Bütün Azərbaycan xalqına başsağlığı verir, yaralılara şəfa
diləyir!
|