Partiya  “Dünyəvi dövlətçilik, yoxsa dini radikalizm: cəmiyyət nə istəyir?” mövzusunda debat keçirilib-

Demokratik İslahatlar Partiyasının konfrans zalında “Dünyəvi dövlətçilik, yoxsa dini radikalizm: cəmiyyət nə istəyir?” mövzusunda ictimai müzakirə olub.  

 

Müzakirə Qadın Liderliyi Uğrunda İctimai Birliyinin AR prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Sekulyar dövlətçilik, dini radikalizm və insanlığa qarşı çevrilməyən din modeli ilə bağlı qadınlar arasında maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində keçirilib. 

 

Layihənin rəhbəri Ülkər Abdullayeva Azərbaycanda sekulyar dövlətçiliyin tarixi, dini radikalizm problemləri, Azərbaycanın ictimai-siyasi həyatında dinin rolu, o cümlədən Azərbaycan prezidentinin təqdimatı əsasında ölkə qanunvericiliyinə verilən dini məsələlərlə bağlı təkliflərdən bəhs edib.

 

Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə müsəlman şərqində və türk dünyasında sekulyar dövlətçilik ənənəsinin əsasının Azərbaycanda qoyulduğunu xatırladıb. O, dünyəvi dövlətçiliyimizin qorunması, gücləndirilməsi zərurətindən, hər cür dini radikal meyllərin ölkəmiz və bizi əhatə edən dünya üçün ziyanlı olmasından danışıb. Millət vəkili deyib ki, Azərbaycanda sekulyar dövlətçiliyin inkişafının, möhkəmlənməsinin yolu cəhalətlə mübarizədən və savadlı, dünyada gedən rəqabətdə önə çıxa biləcək gənclərin yetişdirilməsindən keçir. Onun fikrincə, bu missiyanın yerinə yetirilməsində qadınların üzərinə çox böyük vəzifələr düşür. Onlar orta əsrlərin təfəkküründən uzaq durmalı, öz potensiallarını dünyanın gələcəyi üçün önəmli olan elm sahələrinə, faydalı peşələrin öyrənilməsinə sərf etməlidirlər.     

 

Diskussiyaların gedişində CASCFEN sədri Azər Həsrət, iqtisadçı-ekspert Qadir İbrahimli, BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı, ictimai-siyasi fəallardan Yeganə Hacıyeva, Orxan Şahbaz, Rövşən Nəcəfov, Yadigar Nağıyev, hüquqşünas Mehman Muradlı və digər iştirakçılar mövzu ilə bağlı maraqlı fikir və təkliflərini səsləndiriblər. 

 

Azərbaycan Prezidentinin təqdimatı ilə Milli Məclisə Azərbaycanda dini düşmənçilik zəminində hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi, ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların, atributların nümayişi, dini fanatizm və dini radikalizm zəminində milli-irqi düşmənçiliyin salınması, o cümlədən bunun KİV vasitəsilə törədilməsinə qarşı AR Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə müvafiq maddələrin salınması təklifi tədbir iştirakçılarının əksəriyyəti tərəfindən təqdir edilib. 

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə