Partiya  Prezident gizlinləri açdı: “... Mənə çox çətindir, həm Prezident kimi, həm də adi insan kimi’’-
2020-ci ildəki Vətən müharibəsindən sonrakı 2 il 3 ay ərzində - postmüharibə dövründə Azərbaycan kifayət qədər böyük bir inkişaf yolu keçdi, ciddi nailiyyətlər əldə olundu. Həm siyasi baxımdan, həm diplomatik masalardakı uğurlar, həm də işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri baxımından kifayət qədər ciddi işlər görüldü. Ancaq təəsssüflər olsun ki, 2022-ci ilin sonunadək gözlənilən sülh müqaviləsi imzalanmadı. Yeni il başlayandan isə əksər ekspertlər, yazarlar bu məsələyə toxunurdu ki, 2023-də buna nail ola biləcəyikmi? Ümumiyyətlə, ilk ayını yaşadığımız bu ildə nələrin baş verəcəyi maraqlıdır.
Prezident İlham Əliyev telekanallara müsahibəsində 2023-cü illə bağlı nikbin danışıb.
“Mənim fikrimcə, bu il çox məsələlərə aydınlıq gətirəcək. Yeri gəlmişkən, mən ürəkdən inanırdım ki, ilin sonuna qədər biz saziş imzalanmasına nail olacağıq. Lakin belə olmadı” söyləyən dövlət başçısı deyib: “Ermənistan nə gözləyir? Yəqin ki, hansısa geosiyasi dəyişikliklər, ola bilsin ki, kiminsə ona vəd etdiyi nələrisə gözləyir. Çünki belə təəssürat yaranır ki, ona kimsə nə isə vəd edib. Ona görə ki, regionda vəziyyətin obyektiv təhlili, qüvvələr balansı və iki il bundan əvvəl baş vermiş hadisələrə, eləcə də keçən ilin sentyabr ayında baş vermiş və ya hazırda Laçın-Xankəndi yolunda baş verən hadisələrə dünyanın reaksiyası onu göstərir ki, suda batanların xilas edilməsi onların öz işidir. Biz kömək edə bilərik”.
Prezident vurğulayıb ki, Ermənistanın azərbaycanofobiya və isteriya bataqlığında tamam boğulmamasına yalnız biz kömək edə bilərik: “Nə ilə? Onunla ki, biz deyirik "hə", biz deyirik, gəlin sülh bağlayaq. Özü də, inanın ki, bunu demək mənə çox çətindir, həm Prezident kimi, həm də adi insan kimi. Mən işğaldan azad edilmiş ərazilərə gedəndə sizin və hər bir azərbaycanlının keçirdiyi hissləri keçirirəm".
Prezident bir daha diqqətə çatdırıb ki, müharibədən sonrakı iki il ərzində Ermənistan görməli olduğu işlərin heç birini görməyib: “Əgər ritorikanı, bu şikayət intonasiyasını kənara qoysaq, praktiki olaraq xarici dövlətlərin başçıları ilə hər bir görüşdə, sadəcə, xəbərçilik edir. Mən buna başqa ad tapa bilmirəm. Bu, sadəcə cılız qeybət, xəbərçilikdir... Bu kontekstdə Ermənistanın hakimiyyət orqanları məsuliyyəti tamamilə öz üzərinə götürməli və sülh müqaviləsi imzalanmasına hazır olmalıdır. Xüsusən ona görə ki, mən əvvəlcədən demişəm, biz bu beş prinsipi irəli sürəndə də demişdim ki, bu, hansısa çoxcildlik olmamalıdır. Bu, çox sadə bir kağız, əsas prinsipləri əks etdirən sadə sənəd olmalıdır. Əlbəttə, orada bizim daxili problemlərimiz və Qarabağla bağlı bütün məsələlər barədə söhbət də ola bilməz. Fikrimcə, Ermənistan rəhbərliyinin məsələni uzatmasının bir səbəbi məhz budur. Ona görə ki, onlar qərar qəbul etməli və mahiyyət etibarilə Praqada qeydə alınmış, sonra oktyabrda Soçidə təsdiq edilmiş məsələləri təsbit etməlidirlər”.
Azərbaycan rəhbəri daha sonra qeyd edib: “Ərazi bütövlüyünə və suverenliyə, Almatı Bəyannaməsinə istinad edilməsi açıq-aydın onu göstərir ki, ermənilər Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyırlar. Mən həmin görüşdən dərhal sonra bu barədə bəyan etdim ki, bu, bizim uğurumuzdur, çünki Ermənistan, nəhayət, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıyıb. Onlar hər vasitə ilə Qarabağ mövzusunu mümkün sülh müqaviləsinə daxil etməyə çalışır və əslində onu bloklayırlar. Onların Moskvada hansısa hadisələr baş verməsinə istinad edərək nazirlərin orada görüşünə etinasızlıq göstərmələri, ümumiyyətlə, yolverilməz hərəkətdir. Bəs onlar oktyabrın 6-da Praqada keçirilən görüşə nə üçün etinasızlıq göstərmədilər? Axı bundan bir aydan az əvvəl də sərhəddə hadisələr baş verirdi. Orada kifayət qədər ciddi hadisələr olmuşdu”.
Prezident vurğulayıb ki, nədənsə erməni tərəfi Praqaya Makronla görüşə getdi, amma Moskvaya getmədi. Sonra Rusiya Xarici İşlər Nazirliyinin erməni tərəfinin hətta xalis protokol xarakterli davranışı barədə şərhləri də məhz buna dəlalət edir. Yəni incidilmiş tərəf kimi mövqe tutmaq həm rahat, həm də münasibdir, lakin bu mövqe həm insan üçün, həm də ölkə üçün çox zərərlidir. Necə deyərlər, yazığı gəlmək siyasi xadimlərin arsenalında heç də ən yaxşı vasitə deyil, xüsusən indi qəbul edilmiş təbirlə desək, bütün bunlar feyk olduğu halda".
Azərbaycan Prezidenti həmçinin qeyd edib: “Erməni tərəfi danışıqlar prosesini pozur və bunun səbəbləri mənə məlumdur. Ermənistanın qüvvəsinin olub-olmaması və bu qüvvəyə diasporun təsir göstərib-göstərməməsi məsələsinə gəldikdə düşünürəm ki, belə təsir var və kiminsə buna mane olmasına istinad etmək məsuliyyəti öz üzərindən atmaq üçün çox münasib yoldur. Əgər hakimiyyət məsuldursa, o, öz hərəkətlərinə görə cavab verməlidir. Hər ölkənin, hər bir liderin öz çətinlikləri var, lakin bununla spekulyasiya etmək olmaz. Bu, necə deyərlər, evin daxili işidir, hər kəs yalnız sülh məsələsinin gündəlikdə olmasını artikulyasiya etməklə kifayətlənməyib bu işi görməli - ictimaiyyəti inandırmalı, həqiqətən sülhə can atmaq üzərində işləməlidir”.
Nəhayət, bu yöndə Prezident mesajını da verib: “Son bir il ərzində - mart ayından bəri biz üç dəfə göstərdik ki, heç kim bizim qabağımızda dura bilməz və istədiyimizə nail oluruq və hər hansı bir erməni havadarı onların yardımına yetişə bilməz. Bu, birincisi. İkincisi, həm Azərbaycan-Ermənistan sərhədi istiqamətində, eyni zamanda Qarabağ istiqamətində nəzarətdə olan yüksəkliklər bizə çox böyük strateji üstünlük təmin edir.
“Artıq vizual müşahidə bizə imkan verir ki, istənilən təhlükəni bəri başdan görək və onun qarşısını alaq. Hesab edirəm ki, artıq üç dəfə belə hərbi və siyasi uğursuzluğa düçar olmuş Ermənistan anlayacaq ki, sülh müqaviləsi qaçılmazdır. Onlar bunu nə qədər tez anlasalar və nə qədər tez özlərində güc tapıb, iradə tapıb buna razılıq versələr, o qədər də bölgə üçün yaxşı olacaq”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycanın üçüncü müharibəni başlamaq fikri olmadığını qeyd edən Prezident İlham Əliyev deyib ki, indi bəzi Qərb mətbuatında bizə qarşı yeni dalğa, çirkin böhtan kampaniyası geniş vüsət alır: “Onun ilk təzahürlərini biz görürük, amma ehtimal edilir ki, növbəti çirkin addımlar da atılacaq. Amma bu, bizi dayandırmayacaq. Ona görə mən hesab edirəm və ümid etmək istəyirəm ki, 2023-cü il İkinci Qarabağ müharibəsinin real sonu olacaq və bu il belə hadisələr baş verməyəcək”.
Prezident demək olar ki, bugünədək gizli saxlanılan bütün detalları açıqlayıb və həm xalqa, həm də dünyaya reallıqları bəyan edib. Bununla bir daha aydın olur ki, sülh müqaviləsi niyə baş tutmayıb. Prezident bunun səbəbinin ona məlum olduğunu da deyib.
Təbii, güman etmək olar və həqiqətdir ki, Ermənistanı sülhdən yayındıran, bundan qaçmağa məcbur edən xarici güclər var. Yəni səbəb və səbəbkarlar əsasən budurmu? Başqa amillər, səbəblər də varmı?....
.....Asim Mollazadə: “Bu prosesin qarşısını ala biləcək yeganə qüvvə Azərbaycan xalqının iradəsi, onun silahlı qüvvələri, Ali Baş Komandanıdır”
Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Azərbaycanın istənilən təhlükənin qarşısını almağa qadir olduğunu söylədi: “Münaqişənin davam etməsində maraqlı olan bir sıra qüvvələr var. Burada erməni diasporasını xüsusi qeyd etmək olar. Onlar hər zaman maraqlıdırlar ki, hər hansı bir erməni faciəsi olsun və onlar bundan ciddi şəkildə bəhrələnə bilsinlər, öz maliyyə durumlarını yaxşılaşdırsınlar. Onların təsir dairəsində olan bir sıra ölkələrin siyasətçiləri də münaqişədən özlərinin bölgədə təsir imkanlarının artması üçün istifadə etmək istəyirlər. Öz siyasi qüvvələrini bölgədə saxlamaq istəyən Rusiyanın müvafiq hərbi strukturları da münaqişənin davam etməsinə çalışırlar. Bununla həm də hərbi qüvvələrini bölgədə saxlamağa nail ola bilirlər. Bu prosesin qarşısını ala biləcək yeganə qüvvə Azərbaycan xalqının iradəsi, onun silahlı qüvvələri, Ali Baş Komandanıdır. Biz heç kəsdən nəsə gözləməməliyik. Azərbaycan güclü olmalıdır. Azərbaycanın ən müasir ordusu olmalıdır. İstənilən zaman beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycan istənilən təhlükələrin qarşısını ala bilər”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə