Demokratik İslahatlar Partiyası Azərbaycanın İrandakı səfirliyinə
qarşı həyata keçirilmiş terror aktını pisləyən bəyanat yayıb. Bəyanatda
deyilir:
"Azərbaycan Respublikasının İran İslam Respublikasındakı
Səfirliyinə qarşı həyata keçirilən xain terror hücumunu şiddətlə qınayırıq.
İran tərəfinin Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasının tələblərini
pozaraq Səfirliyin mühafizəsini və onun əməkdaşlarının təhlükəsizliyini təmin
etməməsi, diplomatik missiyamıza qarşı əvvəllər də edilən təhdidlərə əhəmiyyət
verməməsi yolverilməz haldır. Hesab edirik ki, rəsmi Tehranın diplomatlarımızın təhlükəsizliyinə
diqqət yetirməməsi, son zamanlar İranın siyasi rəhbərliyində və parlamentində
təmsil olunan şəxslər, eləcə də mediası tərəfindən ölkəmiz əleyhinə aparılan
anti-Azərbaycan kampaniyası bu qanlı terror hücumuna rəvac verib. Demokratik İslahatlar Partiyası İran tərəfindən bu xain hücumun
tezliklə və obyektiv şəkildə araşdırılmasını, günahkarların sərt şəkildə
cəzalandırılmasını tələb edir.
Hücumun qarşısını alarkən şəhid olan Səfirliyimizin əməkdaşına
Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk!
|