Partiya  Korrupsiyaya görə tutulan məmurlara güzəştin sirri - məhkəmələrin özfəaliyyəti, yoxsa...-
Ötən illər ərzində Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizə çərçivəsində xeyli yüksək vəzifəli məmur həbs olunub. Son olaraq qandallanan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov oldu. Bundan başqa, 10-dan çox icra başçısı, nazirliklərdə iri vəzifələr tutan onlarla şəxs qandallandı. Onların əksərinə ağır cəzalar verildi.
Ancaq son vaxtlar maraqlı bir proses müşahidə olunur: korrupsiya, rüşvət, dələduzluq ittihamları ilə tutulmuş məmurların çoxunun cəzası azaldılır, bəzilərinin korrupsiya yolu ilə əldə etdikləri mülklərinin əhəmiyyətli hissəsi özlərinə qaytarılır. Məsələn, Səlim Müslümov istintaq dövründə həbsə alınsa da, cinayət işinin materialları məhkəməyə daxil olandan sonra barəsindəki həbs-qətimkan tədbiri ev dustaqlığına dəyişdirildi. Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesinin gedişini izləyənlər də prosesin məqsədli şəkildə uzadılmasını müşahidə edir. Azərbaycan məhkəmə praktikasına bələd olanlar da bilir ki, proses ən müxtəlif səbəblər gətirilməklə uzadılırsa, bu, nəticə etibarı ilə təqsirləndirilən şəxsin daha yüngül cəza almasına, perspektivdə isə daha yuxarı məhkəmə instansiyalarından azad edilməsinə xidmət edir. Bu baxımdan, dövlət büdcəsindən 27 milyon manat oğurlaması istintaqla sübuta yetirilən Səlim Müslümovun toyuq oğrusuna verilən cəzadan fərqlənməyən cəza alması da təəccüblü olmamalıdır.
Səlim Müslümova münasibətdə daha ağır cinayətlərə görə məhkum olunmuş Akif Çovdarovun 50 milyonluq mülkünü də özünə qaytaran Azərbaycan məhkəmələridir. Ötən gün isə belə bir məlumat yayıldı ki, Göyçay Rayon İcra Hakimiyyətinin 2022-ci ildə həbs olunmuş yüksək vəzifəli şəxslərinə - sabiq başçı Mehdi Səlimzadənin köməkçisi olmuş Vidadi İsayevə və şəhər icra nümayəndəsi olmuş Rəşad Şükürova hökm oxunub, onlardan birinə cəmi 4 il cəza verilib, digəri isə hətta şərti cəza ilə canını qurtarıb. APA-nın əldə etdiyi xəbərə görə, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə onlara hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxs Rəşad Şükürova qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə irəli sürülmüş ittihama xitam verilib. Rəşad Şükürov CM-in 312-ci (rüşvət verməyə təhrik etmə) maddəsi ilə təqsirli bilinib. Lakin təqsirləndirilən şəxsə münasibətdə CM-in 70 ( şərti məhkum etmə) maddəsini tətbiq edilib. Rəşad Şükürova yekun olaraq 3 il sınaq müddəti seçilməklə şərti cəza verilib. Qeyd edək ki, Rəşad Şükürov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunub. Rəşad Şükürova qarşı ilk olaraq Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 311.3.4 (rüşvət alma hədə-qorxu tətbiq olunmaqla törədildikdə) və 312 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb. İstintaqın gedişi zamanı rüşvət alma ilə bağlı ittihamlar CM-in 178-ci (dələduzluq) maddəsinə tövsif edilib. Sabiq icra nümayəndəsi barəsində ilk olaraq həbs-qətimkan tədbiri seçilib, sonradan isə ev dustaqlığına buraxılıb. O, həbs edilərkən verilən açıqlamada deyilirdi ki, Rəşad Şükürov ayrı-ayrı vəzifəli şəxslərdən xidməti vəzifələrinin icrasına davam etmələri üçün rüşvət verməyəcəkləri təqdirdə işdən çıxarılacaqları ilə bağlı hədə-qorxu gələrək öz xidməti otağında onlardan müxtəlif məbləğlərdə rüşvət alıb. Cinayət əməli üzrə dəymiş ziyanın 800 min manat olduğu müəyyən edilib. Göyçayın sabiq icra başçısının köməkçisi Vahid İsayevə qarşı isə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə irəli sürülmüş ittihama xitam verilib. Vahid İsayev eyni məcəllənin 312.2-ci - rüşvət verməyə təhrik etmə maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib. Sabiq icra başçısının köməkçisi məhkəmə zalında həbs olunub. Rüşvət və korrupsiyaya görə tutulan şəxslərə uzun məhkəmə proseslərinin sonunda yüngül cəzalar verilməsi digər məmurları əyri əməllərini davam etdirməsinə sövq edən amil kimi qiymətləndirilir.
Ən maraqlısı isə odur ki, korrupsioner məmurlara son vaxtlar edilən cəza güzəştlərinin sirri nədir? Onları hansı gizli əl qoruyur? Azərbaycan məhkəmələrinin korrupsiya cinayətləri ilə bağlı tutduğu mövqe ümumilikdə ölkədə aparıldığı elan edilən korrupsiya ilə mübarizəyə zidd deyilmi?
Asim Mollazadə: “Baş Prokurorluq bu faktları araşdırmalı və müvafiq addımlar atmalıdır”
Deputat Asim Mollazadə “Yeni Müsavat”a deyib ki, Baş Prokurorluq bu faktları araşdırmalı və müvafiq addımlar atmalıdır: “Korrupsiyaya qarşı mübarizə yalnız həbslərdən ibarət olmamalıdır. Korrupsiyaya qarşı mübarizə prosesində yaranan hər bir şübhəli məqam diqqətlə araşdırılmalıdır. Bu işdə media, cəmiyyət də fəal olmalıdır. Göstərilən faktlar yenidən araşdırılmaqla, məhkəmələrdə işlərin aparılması və yekunda qəbvul edilən qərarların korrupsiya ilə mübarizəyə uyğun olub-olmaması da diqqətlə öyrənilməlidir. Əks təqdirdə, mübarizə heç bir nəticə verməyəcək. Korrupsiyaya qarşı mübarizədə hər bir şübhəli məqamı araşdırmaq üçün işlər davam etdirilməlidir”.
“Dövlət büdcəsindən 27 milyon manat oğurlaması istintaq və məhkəmə araşdırmaları ilə təsbit olunan Səlim Müslümova qarşı Bakı Ağır Cinayətlər Məhkəməsinin tutduğu mövqe normaldırmı” sualına deputat belə cavab verib: “Hər bir belə fakt araşdırılmalıdır. Bilavasitə korrupsiya ilə mübarizə aparan qurum bu məsələlərə reaksiya verməlidirlər”.
“Korrupsiyaya qarşı mübarizənin bu şəklə salınması normaldırmı” sualına Asim Mollazadə belə cavab verdi: “Bu işi peşəkarlar məndən daha yaxşı bilirlər. Hesab edirəm ki, korrupsiya ilə mübarizə aparan təşkilatlar, hüquq-mühafizə orqanları öz işlərini davam etdirməlidirlər və sadalanan faktlar ciddi araşdırılmalıdır. Azərbaycan məhkəmələrində korrupsiya cinayətlərinə dair çıxarılan hökmlər, qərarlar ədalət baxımından şübhə doğurmamalıdır. Əgər belə şübhələr varsa, hüquq-mühafizə orqanları hökm və qərarlardan protest verməli, dövlətin mənafeyini sona qədər müdafiə etməlidirlər. Hər bir hökm qanun çərçivəsində olmalıdır”....
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə