Milli
Məclisin deputatı, Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi
qrupunun rəhbəri Kamran Bayramovun və Milli Məclisin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr Komitəsinin üzvü Asim Mollazadənin Latviya
Respublikasına səfəri çərçivəsində mayın 15-də və 16-da Latviya Seyminin sədr
müavini Yanis Qrasberqs, Latviya Seyminin Katibi və Azərbaycan Parlamenti ilə əməkdaşlığın
təşviqi qrupunun rəhbəri Armands Krauze və qrupun digər üzvləri, Latviya Xarici
İşlər Nazirliyinin Parlament katibi Qunda Reire, Latviya Yerli və Regional Hakimiyyətlər
İttifaqının sədri Gints Kaminskis və Latviya Universitetinin Akademik
Kitabxanasının nəzdində fəaliyyət göstərən Azərbaycan İnformasiya Mərkəzinin
direktoru Venta Kotsere ilə görüşlər keçirilib. Görüşlərdə ölkəmizin Latviyadakı
fövqəladə və səlahiyyətli səfiri Elnur Sultanov iştirak edib. Latviya
Seyminin sədr müavini Yanis Qrasberqs ilə keçirilən görüşdə Azərbaycanla Latviya
arasında parlamentlərarası əlaqələrin uğurla inkişaf etdiyinə diqqət çəkilərək,
ölkələrimizin dövlət başçılarının qarşılıqlı səfərlərinin, o cümlədən Latviya
Prezidenti Eqils Levitsin cari ilin mart ayında Azərbaycana səfəri çərçivəsində
dostluq qrupunun üzvləri ilə keçirilən görüşün, eyni zamanda ötən il Azərbaycan
Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi
nümayəndə heyətinin Latviyaya səfərinin strateji tərəfdaşlıq münasibətlərimizə
töhfə verdiyi qeyd olunub, ölkələrimiz arasında qarşılıqlı səfərlərin davam
etdirilməsinin vacibliyi vurğulanıb. Görüşdə həmçinin, tərəflər
parlamentlərarası əməkdaşlığın müxtəlif platforma və beynəxlalq təşkilatlar
çərçivəsində davam etdirməyin əhəmiyyətini qeyd edib. Latviya
Seyminin Katibi və Seymdə Azərbaycan Parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun
sədri Armands Krauze və dostluq qrupunun digər üzvləri ilə keçirilən görüşdə
Latviya Seymində yeni formalaşmış dostluq qrupunun yaradılmasından və qrupun
üzvləri ilə yeni əlaqələrin qurulmasından məmnunluq ifadə olunub. Ötən illərdə
hər iki ölkənin parlamentinin dostluq qruplarının üzvlərinin qarşılıqlı
səfərlərinin əhəmiyyətinə toxunularaq bu səfərlərin parlamentlərarası
əməkdaşlığın möhkəmlənməsinə əhəmiyyətli töhfə verdiyi vurğulanıb, qarşılıqlı
təmasların bundan sonra da davam etdirilməsinin vacibliyi qeyd olunub. Görüşdə
Azərbaycan Parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun üzvlərinə Azərbaycanın
xarici siyasətinin əsas istiqamətləri, o cümlədən Vətən Müharibəsindən sonra
regionda yaranmış yeni reallıqlar, Azərbaycanın təşviq etdiyi sülh gündəliyi, erməni
işğalından azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı
bərpa-quruculuq işləri haqqında ətraflı məlumat verilib. Latviya
Xarici İşlər Nazirliyinin Parlament katibi Qunda Reire ilə keçirilən görüşdə
Azərbaycan-Latviya münasibətlərinin inkişafından bəhs olunub, 2024-cü ildə
Azərbaycan ilə Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30
illiyinin qeyd olunacağından məmnunluq ifadə olunub. Eyni zamanda,
ölkələrimizin beynəxalq təşkilatlar çərçivəsində təşəbbüslərinin qarşılıqlı
dəstəklənməsinin əhəmiyyəti vurğulanıb. Görüşdə münasibətlərimizin müxtəlif
istiqamətlərinə toxunularaq Azərbaycanın Avropa İttifaqının enerji
təhlükəsizliyinin təmin edilməsində rolu xüsusi vurğulanıb, BMT, Avropa Şurası,
NATO və digər təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin
perspektivləri müzakirə olunub. Eyni
zamanda, “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycan-Latviya strateji tərəfaşdaşlığının genişləndirilməsi:
keçmişdən bu günə və gələcəyə” mövzusunda bu il mayın 17-də Latviya
Universitetində keçiriləcək beynəlxalq konfrans haqqında məlumat verilib,
konfransda ikitərəfli Azərbaycan-Latviya münasibətlərinin müxtəlif aspektləri
üzrə hər iki ölkənin parlamentinin üzvlərinin, aparıcı beyin mərkəzləri və
təhsil ocaqlarının mütəxəssislərinin çıxış edəcəyi və maraqlı təqdimatların
olacağı diqqətə çatdırılıb. Latviya
Yerli və Regional Hakimiyyətlər İttifaqının sədri Gints Kaminskis ilə keçirilən
görüşdə iki ölkənin yerli hakimiyyət orqanları və bələdiyyələri arasında 14 əməkdaşlıq
sazişinin və protokollarının mövcud olduğu və bu əlaqələrin inkişaf etdirilməsi
üçün geniş potensialın mövcudluğu qeyd edilib, bu sahədə əməkdaşlığın və
təcrübə mübadiləsinin bundan sonra da davam etdirilməsinin zərurəti vurğulanıb. Görüşdə 44
günlük Vətən Müharibəsi nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyi,
işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq layihələrinin
həyata keçirildiyi, həmin ərazilərdə yeni idarəetmə sisteminin tətbiq olunduğu
diqqətə çatdırılıb, Latviyanın yerli və regional hakimiyyət orqanlarının
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan yaşayış
məntəqələrinin idarəetmə orqanları ilə əlaqələrinin qurulması və inkişaf
etdirilməsi müzakirə olunub.
Milli
Məclisin deputatları, həmçinin Latviya Universitetinin Akademik Kitabxanasının
nəzdində fəaliyyət göstərən Azərbaycan İnformasiya Mərkəzini də ziyarət edib, Kitabxananın
direktoru Venta Kotsere ilə görüşüb, Azərbaycan İnformasiya Mərkəzinə erməni
işğalının fəsadlarını, həmçinin Vətən Müharibəsində şanlı Zəfərimizi əks
etdirən kitablar hədiyyə ediblər.
|