Partiya  ABŞ-ın Azərbaycana xətalı həmləsi: Vaşinqton və Paris Bakıya qarşı birləşir?-

Asim Mollazadə: “Seçki ili bitəndən sonra hər şey öz yerinə oturacaq”

Azərbaycan-ABŞ münasibətləri təzədən tarixin sınağına tuş gəlib. Özü də rəsmi Vaşinqtonun yanlış taktikası üzündən. Maraqlısı həm də odur ki, uzun fasilədən sonra məhz Birləşmiş Ştatların yeni səfiri Mark Millinin, nəhayət, Bakıya gəlişi ərəfəsində ikitərəfli əlaqələrdə soyuqluq yaranıb. Hətta yüksək səviyyədə qarışıqlı səfərlər dayandırılıb. “ABŞ tərəfinin Azərbaycana münasibətdə ABŞ-ın təşəbbüsü ilə keçirilən yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və "ikitərəfli münasibətlərimizdə “əvvəlki kimi” ola bilməz" bəyanatına gəlincə isə qeyd etmək lazımdır ki, münasibətlər birtərəfli ola bilməz. Beləliklə, eyni yanaşma Azərbaycan tərəfindən də bərabər şəkildə tətbiq olunacaq. Belə bir şəraitdə ABŞ-ın Azərbaycana yüksək səviyyəli səfərlərinin mümkünlüyünü də yersiz hesab edirik", - Azərbaycan Xarici İşlər Nazirliyinin ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində verdiyi əsassız açıqlamalarına dair şərhində açıq surətdə belə deyilir. Yəni ikitərəfli səfərlər rəsmən dayanıb, üstəlik, amerikalı səfirin Bakıya gəldiyi bir vaxtda...

Əlbəttə, Azərbaycan haqlı olaraq Amerikada noyabrın 20-nə nəzərdə tutulan XİN rəhbərlərinin görüşündən imtina edib. Vəziyyətin “xoşbəxt sonluq”la bitib-bitməyəcəyi isə sözsüz ki, Vaşinqtonun Ermənistana və erməni separatizminə hara qədər dəstək verəcəyindən, nə dərəcədə bölgədə daimi sülhdə maraqlı olacağından və “ziyanın yarısından qayıdıb-qayıtmayacağından” asılıdır. Yəni Azərbaycana bağlı əslində heç nə yox. Hərçənd biz də diplomatik fəallığımızı artırmalıyıq ki, ABŞ “erməni kartı”nın ona yaxşı heç nə vəd etmədiyini daha tez anlasın.

“Ermənistan və Azərbaycan münasibətlərinin nizamlanması region üçün son dərəcə vacibdir”. Bunu ötən həftəsonu ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter "AzadlıqRadiosu"nun erməni xidmətinə müsahibəsində deyib. “Bütün tərəflərin bölgədəki davamlı sülhə və təhlükəsizliyə nail olmaq üçün səylərini iki dəfə artırması zəruridir, çünki bu, insan hüquqları və demokratiyanı qorumaq naminə son dərəcə vacibdir”, - M.Karpenter qeyd edib. Amerikalı rəsmi həmçinin bildirib ki, Rusiya Bakı və İrəvan arasında danışıqlarda etibarlı tərəf deyil (“Kor kora kor deməsə bağrı çatlayar”. Guya ABŞ bizim üçün etibarlı tərəfdaş-vasitəçi imiş). Karpenter sözlərində səmimidirsə, nədən ABŞ regionda sülhə, barışığa real töhfə vermək istəmir, əksinə, öz “ayağına güllə atır”, neytral vasitəçi imicini korlayır, bölgənin açar ölkəsi olan Azərbaycanla konfrontasiya kursu götürür? 

Yeri gəlmişkən, etibarlı mənbələrdən Minval.az-a məlum olub ki, ABŞ və Fransa iki aydır BMT Təhlükəsizlik Şurasında anti-Azərbaycan qətnaməsinin qəbulu üçün lobbiçilik etməyə çalışır, lakin hələ ciddi uğura nail ola bilmirlər. Xatırladaq ki, Azərbaycanın Qarabağda antiterror tədbirlərindən sonra Ermənistan və Fransanın təşəbbüsü ilə iki dəfə BMT TŞ-nin fövqəladə iclası çağırılsa da, hər iki dəfə heç bir nəticə verməyib. Görəsən, bu nə həşirdir belə? Söhbət, nəhayət, noyabrın 16-da Senatın Azərbaycan əleyhinə qəbul etdiyi aktdan gedir. Bəs Senatın ardınca Nümayəndələr Palatası da onu təsdiqləyəcəkmi? Bayden necə, sonda ona imza atarmı? 


Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, deputat Asim Mollazadənin Bakı-Vaşinqton münasibətlərində gərginliyə yanaşması fərqlidir. Deputatın “Yeni Müsavat”a bildirdiyinə görə, gələn il Birləşmiş Ştatlarda prezident seçkiləri olacaq və erməni seçicilərin istəkləri amerikalı siyasətçilər üçün əhəmiyyət kəsb etdiyindən bu proses Azərbaycanla əlaqələrə mənfi təsir edib. A.Mollazadənin fikrincə, amerikalı siyasət adamları istəyir ki, qondarma erməni soyqırımı nağılları bitməsin. “Onlar narahatdırlar ki, Azərbaycanla Ermənistan arasında münaqişə tamamilə qurtarar, tərəflər birdən sülh müqaviləsi bağlaya bilər və o zaman genosid mahnılarına da son qoyular. Xüsusən də Vaşinqtonda korrupsiyaya bulaşmış amerikalı siyasətçilər bundan möhkəm narahatdır. Çünki erməni diasporunun və lobbisinin istəkləri, sifarişləri bu qüvvələr üçün hər zaman vacib olub. Elə 907-ci düzəliş aktı da həmin niyyətdən qaynaqlanırdı. O baxımdan bütün hallarda baş verənlər təəssüf hissi doğurur”, - deyə A.Mollazadə korlanmış münasibətləri belə qiymətləndirir. 

Deputat hesab edir ki, Azərbaycan həmişə Amerikaya müttəfiq olduğunu nümayiş etdirib: “Bizim sülhməramlılar amerikalılar Əfqanıstandan tam çıxana qədər son günədək hava limanında onları müşayiət ediblər. Sadəcə, lobbi maraqlarından irəli gələrək bu siyasətçilər Amerikaya zərbə vururlar. Azərbaycan müstəqil ölkədir, güclü ordusu var, iqtisadi imkanlara malikdir, ABŞ-da da bunu yaxşı bilirlər. Yəni "Azərbaycan Rusiyanın yanındadır və buna görə Vaşinqton Bakıya qarşıdır" deyənlər yanılırlar. Azərbaycanın kiminsə yanında olmağa ehtiyacı yoxdur. Əgər belədirsə, siyasi-iqtisadi, hərbi təsirləri ilə Ermənistan Rusiyanın yanında olduğuna görə cəzalanmalıydı". A.Mollazadə “Axı İrəvandakı iqtidar rusyönümlü deyil” fikrinə isə “Deməli, lobbidə hamı daşnaklardan ibarət deyil” cavabını verdi. ABŞ-la münasibətlərin axarına düşməsinə gəlincə, deputat hesab edir ki, Azərbaycan öz siyasətini davam etdirməlidir: “Seçki ili bitəndən sonra hər şey öz yerinə oturacaq. Onsuz da ABŞ-ın vasitəçilik statusu yoxdur. Azərbaycan Ermənistanla sülh danışıqlarını ikitərəfli aparmalıdır. Çünki vasitəçi olmaq istəyənləri görürük, öz maraqlarından çıxış edirlər. Sadəcə, Azərbaycanın Vaşinqton görüşündən imtinası düzgün qərar idi və biz göstərdik ki, kiminsə marionetkası deyilik”......


Emil SALAMOĞLU,
“Yeni Müsavat”


  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə