VII
çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər Azərbaycan
dövlətçilik tarixində öncəki seçkilərdən kəskin şəkildə fərqləndi. Bundan öncə
Milli Məclisə keçirilən seçkilərin heç biri bütün ölkə ərazisini əhatə edə
bilməyib. Seçki prosesinin əvvəlindən başlayaraq sona qədər hər bir addım tam
qanunauyğun şəkildə yerinə yetirildi və namizədlər üçün münbit demokratik
mühitdə azad seçkilər keçirildi. Seçkidə
heç bir maneə ilə rastlaşmadan qeydiyyatdan keçən Demokratik İslahatlar
Partiyasının 5 namizədi mübarizə apardı. Seçici imzalarının toplanması,
seçicilərlə aktiv təbliğat görüşlərinin keçirilməsi, partiya üzvlərinin
müşahidəçi kimi seçki dairələrində qeydiyyatdan keçirilməsi tam sərbəst şəkildə
icra olundu. Təbliğat kampaniyası zamanı yaradılan təhlükəsiz mühit seçkilərin
demokratik və sərbəst şəkildə keçirilməsinin ilkin qarantı oldu. Eyni
zamanda, seçki kampaniyası dövründə həm ATƏT-in Seçkiləri Müşahidə missiyası,
həm də Türk Dövlətləri Təşkilatının Beynəlxalq Müşahidəçilər Missiyası
Demokratik İslahatlar Partiyasının qərargahını ziyarət edərək ölkədəki seçki
mühiti və partiyanın namizədlərinə yaradılan şəraitlə maraqlanıblar. Partiya
sədri Asim Mollazadə onlara partiyanın seçkilərə hazırlıq vəziyyəti,
seçkiqabağı təbliğat və təşviqat kampaniyası ilə bağlı məlumat verib. Seçki
prosesi ilə bağlı qonaqları maraqlandıran sualları cavablandırıb. Demokratik
İslahatlar Partiyası ölkə üzrə 9, dairələr və məntəqələr üzrə isə 3360 nəfər
müşahidəçi ilə seçki prosesini canlı izlədi. Səsvermə günü beynəlxalq
müşahidəçilərlə birgə apardığımız müşahidələr seçkilərin qanunauyğun və azad
rəqabət mühitində keçirildiyini sübut etdi. Partiyamız namizədlərin təbliğat və
təşviqat kampaniyası üçün yaradılan şəraiti demokratiyanın və fikir
azadlıqlarının təmin olunmasının göstəricisi kimi dəyərləndirir. Lakin bəzi
seçki məntəqələrində müəyyən namizədlər və onların nümayəndələri tərəfindən
seçki prosesinin pozulması cəhdlərinə təəssüfümüzü ifadə edirik. MSK-nın
açıqladığı ilkin seçki nəticələrinə və ekzitpolların nəticələrinə əsasən
rəqiblərindən daha çox səs toplayan partiyamızın sədri Asim Mollazadə başda
olmaqla uğur qazanan digər namizədləri də təbrik edir, bizə etimad göstərən
seçicilərə minnətdarlığımızı bildiririk.
|