Partiya  DİP-in Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanatı-

Avropa Parlamentinin oktyabrın 24-də qəbul etdiyi “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qətnaməsi Avropa parlamentarizmi adına ləkədir.

Məlumdur ki, Azərbaycan torpaqlarının 30 il işğal altında qalması, şəhər və kəndlərimizin dağıdılması, həmin ərazilərdə (eləcə də Ermənistanda) xalqımızın tarixi, dini və mədəni irsinin sistemli şəkildə məhvi, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan artıq soydaşımızın bütün hüquqlarının tapdanması, uzun illər ərzində iztirab çəkməsi, Avropa Parlamentini heç vaxt narahat etməyib. Lakin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilmiş anti-terror tədbirləri nəticəsində Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini təmin etməsi, beynəlxalq hüququn norma və prinsiplərini təkbaşına icra etməsi avropalı parlamentariləri narahat edib. Onlar müxtəlif anti-Azərbaycan qrupların maraqlarının təminatçısı rolunda çıxış edərək ölkəmizin əleyhinə təzyiq məqsədli sənəd hazırlayıblar.

Azərbaycana qarşı saxta məlumatlar, absurd iddialar, ittihamlar, təhdid və tələbləri ehtiva edən bu sənəd ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə açıq şəkildə hörmətsizlik və müdaxilədir. Bu fonda AP-nin Ermənistana xüsusi nəvaziş göstərməsi, onun silahlandırılmasını təşviq etməsi, həmin ölkədə revanşist meyllərin gücləndirilməsinə, regionda yenidən münaqişənin alovlandırılmasına xidmət göstərir.

Qətnamədə işğaldan azad edilmiş torpaqlarımızda aparılan yenidənqurma və bərpa işləri, məcburi köçkünlərin yurdlarına geri qayıtması, Qərbi azərbaycanlıların haqlı tələbləri, ərazilərimizin Ermənistanın basdırdığı minalardan təmizlənməsi, itkin düşmüş 4 minə yaxın soydaşımızın taleyi barədə heç nə qeyd olunmadığı halda, əlləri Azərbaycan xalqının qanına bulaşmış, insanlıq əleyhinə cinayətlər törətmiş terrorçu-separatçılar, uşaq qatilləri “hərbi əsir” kimi qələmə verilib.

AP-də şovinist, irqçi və müstəmləkəçi təfəkkür o dərəcədə dərin kök salıb ki, müstəmləkəçiliyə qarşı mübarizə aparan xalqları “irredentist qruplar” adlandıran parlamentarilər Fransanın müstəmləkəçilik siyasətinə haqq qazandırır, bunu ümumAvropa siyasəti adlandırırlar. Azərbaycanın başda Fransa olmaqla Avropa müstəmləkəçiliyi əleyhinə atdığı addımlar, XXI əsrdə hələ də müstəmləkəçilərin əsarəti altında inləyən xalqların haqlı mübarizəsinə dəstək verməsi, görünür, özünün elan etdiyi dəyərlərə xilaf çıxmış avropalıların xoşuna gəlməyib. Onlar o dərəcədə cılızlaşıblar ki, hətta iqlim dəyişmələri kimi mühüm qlobal problemi siyasiləşdirilərək, Azərbaycana qarşı ittiham alətinə çeviriblər.

Sözügedən qətnamə Qoca qitə qanunvericilərinin nə qədər Azərbaycanofob, türkofob və islamofob olduğunu bariz şəkildə nümayiş etdirir. Onlar Avropanın yüz illər ərzində istinad etdiyi ədalət, hüququn aliliyi, mülkiyyətin müqəddəsliyi və toxunulmazlığı, insanların öz vətənlərində maneəsiz yaşaması, milli-mənəvi dəyərlərini qoruyub saxlaması, tolerantlıq kimi fundamental dəyərlərinin üzərindən asanlıqla xətt çəkiblər.

Hesab edirik ki, bu qətnamə Avropa Parlamentində dərin kök salmış korrupsiya və rüşvətxorluğun ağır fəsadı, erməni lobbisinin xərclədiyi böyük pulların Avropa dəyərləri üzərindəki qəti qələbəsidir. Odur ki, Demokratik İslahatlar Partiyası Avropa Parlamentinin reallıqları təhrif edən, qeyri-obyektiv və birtərəfli qətnaməsini qəti şəkildə rədd edir.


  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə