Demokratik İslahatlar Partiyası "Həsən bəy
Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda” mükafatı
jurnalistlərə təqdim edib. Təqdimat zamanı DİP sədri, millət vəkili Asim
Mollazadə qeyd edib ki, artıq 16 ildir partiya sözügedən mükafatları
jurnalistlərə verir. Partiya Azərbaycanın mətbuat tarixində əvəzsiz yeri olan
bu iki böyük insanın adını daşıyan mükafatı təqdim etməklə, jurnalistləri
onların ideyalarına sadiq qalmağa, azad, demokratik, obyektiv və qərəzsiz
kontent yaratmaq yolundan dönməməyə ruhlandırmağa çalışır. “Müasir dünyada KİV-in xarakterinin necə
dəyişməsindən, sosial platformaların ənənəvi medianı nə qədər qabaqlamasından
asılı olmayaraq, Azərbaycan jurnalistləri Zərdabi və Nəcəfovun istinad etdiyi
“həqiqətləri çatdırmaq və maarifləndirmək” missiyasından heç vaxt əl
çəkməməlidir – Mollazadə deyib. Jurnalistlər də öz növbələrində onları bu iki
böyük şəxsiyyətin adını daşıyan mükafata layiq gördükləri, azad medianı hər
zaman dəstəklədikləri üçün Demokratik İslahatlar Partiyası və Asim Mollazadəyə
təşəkkürlərini bildiriblər. Sözügedən mükafat və diplomlar internet mediada
maraqlı kontent yaratdıqlarına görə Ləman Ələşrəfqızı (LAF.tv), Elçin Rüstəmli (Pressklub TV) və Pərvin
Kazımoğluna (Qaynar.info) təqdim edilib.
|