Partiya  Asim Mollazadə Los Ancelesdə “Əli və Nino” filminin nümayişində iştirak edib-

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri və icraçı prodüseri olduğu “Əli və Nino” bədii filmi ABŞ-ın Los Anceles şəhərində keçirilən Asiya Filmləri Dünya Festivalı çərçivəsində sənətsevərlərə təqdim olunub. Oktyabrın 24-də sözügedən Festivalın ilk açılış filmi kimi nümayiş etdirilən film tamaşaçıların böyük rəğbəti ilə qarşılanıb.

 

Kaliforniyada səfərdə olan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev də bu ekran əsərinin nümayişində iştirak ediblər.

 

Qeyd edək ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun dəstəyi ilə keçirilən nümayişdə, Hollivud kino sənayesinin tanınmış nüymayəndələri, Oskar və Emmi mükafatçıları və nominantları, müxtəlif kino prodüserləri, rejissorları və aktyorları və digər şəxslər iştirak ediblər. “Əli və Nino” filminin nümayişinə olan böyük ictimai maraq, Festival təşkilatçılarının ikinci kinozalı açaraq, tamaşaçıların ixtiyarına verməsinə səbəb olub. Filmdəki “Əli” rolunun ifaçısı Adam Bakri nümayişdə iştirak edib.

 

Nümayişdə çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev, Azərbaycanın yaxın tarixi, o cümlədən 20-ci əsrdə iki dəfə müstəqilliyini əldə etməsi, müsəlman dünyasında ilk dünyəvi demokratik respublika qurması və qadınlara ABŞ-dan da öncə səsvermə hüququ verməsi barədə danışıb. “Əli və Nino” əsərinin yüksək tarixi və mənəvi dəyərlərindən danışan diplomat bildirib ki, bu əsər nəinki iki gəncin ülvi məhəbbətindən, eləcə də Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizədən və ölkəmizin qədim tolerantlıq və multikulturalizm ənənələrindən bəhs edir. Əsərin yüksək ustalıqla ekranlaşdırıldığını qeyd edən baş konsul, belə bir möhtəşəm film layihəsinin ərsəyə gəlməsinin Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Fondun vitse-prezidenti və filmin icraçı prodüseri Leyla Əliyevanın hərtərəfli dəstəyinin nəticəsində mümkün olduğunu bildirib. Hollivudun məşhur nəşrlərindən olan Variety jurnalının, Sony şirkətinin və hər il “Qızıl Kürə” mükafatının sahiblərini müəyyənləşdirən nüfuzlu Hollivud Xarici Mətbuat Assosiasiyasının rəsmi tərəfdaşlar olduqları Festivalın açılış filmi kimi “Əli və Nino” filminin seçilməsinin olduqca təqdirəlayiq hal olduğunu qeyd edən N.Ağayev, bunun filmin yüksək keyfiyyətinin və dəyərinin bariz göstəricisi olduğunu vurğulayıb.

 

Sonra film nümayiş etidirilib. Elə ilk anlardan tamaşaçıların böyük marağına səbəb olan film yüksək rəğbətlə və sürəkli alqışlarla qarşılanıb.

 

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə