ABŞ-ın Kaliforniya ştatının ən böyük iqtisadi-siyasi mərkəzlərindən
sayılan, ştatın ikinci ən böyük şəhəri olan San Dieqoda səfərdə olan Azərbaycan
nümayəndə heyətinin şərəfinə oktyabrın 25-də Şəhər Şurasında xüsusi mərasim
keçirilib. Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümünə, eləcə də
Bakı şəhərinin Nəsimi rayonu ilə San Dieqonun Svitzer Haylənd rayonu arasındakı
münasibətlərin yaradılmasının 5-ci ildönümünə həsr olunmuş mərasimdə Demokratik
İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə,
Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev, Bakı şəhəri Nəsimi
Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Azərbaycan Dağ Yəhudiləri Dini
İcmasının sədri Milix Yevdayev iştirak ediblər.
Mərasimi açan San Dieqo Şəhər Şurasının sədri Şeri Laytner (Sherri
Lightner) San Dieqo-Bakı münasibətlərinin önəmindən və Azərbaycan-ABŞ dostluq
və tərəfdaşlıq münasibətlərindən danışaraq, Azərbaycan nümayəndə heyətinə
Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə əlaqədar
bəyannamə təqdim edib. Şəhər Şurasının bütün üzvləri tərəfindən imzalanan
bəyannamə ilə 18 oktyabr tarixi San Dieqoda “Azərbaycan Müstəqillik Günü” elan
olunub. Bəyannamədə qeyd olunur ki, Azərbaycan 1918-ci ildə öz müstəqilliyini
elan edib və müsəlman dünyasında ilk dünyəvi demokratik respublika quran və
qadınlara səsvermə hüququ verən dövlət kimi adını tarixə yazıb. “Azərbaycan 25 il öncə öz müstəqilliyini bərpa edərək, azadlığını və
suverenliyini möhkəmləndirib, ABŞ-ın Cənub Qafqaz bölgəsində strateji
tərəfdaşına çevrilib. Bu gün Azərbaycan beynəlxalq aləmdə müsəlman, xristian və
yəhudilərin sülh və harmoniya içərisində yaşadığı uğurlu model kimi tanınır.” –
deyə bəyanatda bildirilir. Sözügedən tədbirdə çıxış edən Asim Mollazadə Azərbaycan-ABŞ
münasibətlərinin möhkəm əsaslar və vacib dəyərlər üzərində qurulduğunu qeyd
edib. O, dövlətlərarası münasibətlərlə yanaşı xalqlararası münasibətlərin də
yüksək önəm daşıdığını diqqətə çatdırıb. Mollazadə, bu baxımdan Bakı-San Dieqo
dostluğunun gözəl bir nümunə təşkil etdiyini vurğulayıb. Tədbirdə Azərbaycan nümayəndə heyətinin digər üzvləri də çıxış edərək
San Dieqo ilə tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi zərurətindən, Bakı
şəhərinin inkişafından, ölkəmizdəki dini tolerantlıq və multikulturalizm
ənənələrindən, hazırda Azərbaycanda müxtəlif dinlər və millətlər arasında
mövcud olan qardaşlıqdan bəhs ediblər.
Sonda San Dieqo Şəhər Şurasına hədiyyələr təqdim olunub.
|