Partiya  ABŞ-ın San Dieqo Şəhər Şurasında Azərbaycana həsr olunmuş mərasim keçirilib-

Bakı –APA. ABŞ-ın Kaliforniya ştatının ən böyük iqtisadi-siyasi mərkəzlərindən sayılan, ştatın ikinci ən böyük şəhəri San Dieqoda səfərdə olan Azərbaycan nümayəndə heyətinin şərəfinə oktyabrın 25-də Şəhər Şurasında xüsusi mərasim təşkil olunub.

 

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun xəbərinə görə, Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümünə, eləcə də Bakı şəhərinin Nəsimi rayonu ilə San Dieqonun Svitzer Haylend rayonu arasındakı münasibətlərin 5-ci ildönümünə həsr olunmuş mərasimdə baş konsul Nəsimi Ağayev, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Milli Məclisin üzvü Asim Mollazadə və Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev iştirak ediblər.

 

Mərasimi açan San Dieqo Şəhər Şurasının sədri Şeri Laytner (Sherri Lightner) San Dieqo-Bakı münasibətlərinin önəmindən və Azərbaycan-ABŞ dostluq və tərəfdaşlıq münasibətlərindən danışaraq, Azərbaycan nümayəndə heyətinə dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə əlaqədar bəyannamə təqdim edib. Şəhər Şurasının bütün üzvləri tərəfindən imzalanan bəyannamə ilə 18 oktyabr tarixi San Dieqoda “Azərbaycan Müstəqillik Günü” elan olunub. Bəyannamədə qeyd olunur ki, Azərbaycan 1918-ci ildə öz müstəqilliyini elan edib və müsəlman dünyasında ilk dünyəvi demokratik respublika quran və qadınlara səsvermə hüququ verən dövlət kimi adını tarixə yazıb: “Azərbaycan 25 il öncə öz müstəqilliyini bərpa edərək, azadlığını və suverenliyini möhkəmləndirib, ABŞ-ın Cənub Qafqaz bölgəsində strateji tərəfdaşına çevrilib. Bu gün Azərbaycan beynəlxalq aləmdə müsəlman, xristian və yəhudilərin sülh və harmoniya içərisində yaşadığı uğurlu model kimi tanınır”.

 

Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı A. Əsgərov çıxış edərək Azərbaycanın sosial-iqtisadi inkişafı çərçivəsində Bakı şəhərinin son illərdə dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyini bildirib. San Dieqo ilə tərəfdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsinin zəruriliyini vurğulayan A. Əsgərov, bu istiqamətdə qarşıdakı illərdə müvafiq səylərin göstəriləcəyini, iki şəhər arasında müxtəlif sahələrdə mübadilələrin artacağını bildirib.

 

Milli Məclisin üzvü A. Mollazadə Azərbaycan-ABŞ münasibətlərinin möhkəm əsaslar və vacib dəyərlər üzərində qurulduğunu qeyd edərək, dövlətlərarası münasibətlərlə yanaşı, xalqlararası münasibətlərin də yüksək önəm daşıdığını diqqətə çatdırıb. A. Mollazadə bu baxımdan Bakı-San Dieqo dostluğunun gözəl bir nümunə təşkil etdiyini vurğulayıb.

 

Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri M. Yevdayev isə ölkədə dini tolerantlıq və multikulturalizm ənənələrindən və hazırda Azərbaycanda müxtəlif dinlər və millətlər arasında mövcud olan qardaşlıq münasibətlərindən bəhs edib. O bildirib ki, Azərbaycan bu sahədə bir çox dünya ölkələrinə örnək ola bilər. 

 

Sonda San Dieqo Şəhər Şurasına hədiyyələr təqdim olunub.

 

Azərbaycan nümayəndə heyəti San Dieqo yəhudi icmasının rəhbərləri, Kaliforniya ştat qanunvericiləri və müharibə veteranları ilə də görüşlər keçiriblər. Nümayəndə heyətinin San Dieqoya işçi səfəri davam etməkdədir.

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə