Partiya  Amerika Azərbaycanla hərbi sahədə əməkdaşlığı genişləndirir-

Bakıda səfərdə olan amerikalı diplomatın keçirdiyi görüşlər, verdiyi açıqlamalar nikbinlik üçün əsas verir 

ABŞ-ın Müdafiə katibinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini Maykl Karpenter rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində o, müdafiə naziri, general-polkovnik Zakir Həsənov, xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Amerikalı qonaqlara Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olur, Cənubi Qafqazda sabitliyə təhlükə yaradır, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayaraq Azərbaycan torpaqlarını hələ də işğal altında saxlayır, destruktiv siyasət yürüdərək müxtəlif təxribatlara əl atır. M.Karpenter isə ABŞ hökumətinin Azərbaycanla təhlükəsizlik, hərbi sahədə əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsində maraqlı olduğunu, bu istiqamətdə fəaliyyətlərin davam etdiriləcəyinə əminliyini bildirib. Azərbaycan Ordusunun döyüş hazırlığına yüksək qiymət verən qonaq şəxsi heyətin müasir və yeni silahlarla təchiz edildiyini, istənilən təhdidə çevik cavab vermək imkanına malik olduğunu xüsusi qeyd edib. Hər iki görüşdə Azərbaycan-ABŞ əlaqələrinin gələcək perspektivləri və regional məsələlər də müzakirə olunub. 

Rəsmi görüşlərdən sonra mətbuata açıqlama verən M.Karpenter ABŞ-ın Azərbaycanla mövcud əməkdaşlığı yüksək qiymətləndirdiyini söyləyib. O, ABŞ Müdafiə Departamenti və Azərbaycanın təhlükəsizlik institutlarının uzunmüddətli əməkdaşlığını müzakirə etdiyini, Azərbaycan hökuməti ilə təhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələrinin olduğunu vurğulayıb. Deyib ki, bu, iki ölkə arasında əsas əməkdaşlıq sahələrindən biridir. M.Karpenter Azərbaycanla terrorizmə, zorakı ekstremizmə qarşı mübarizədə,  həmçinin kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edildiyini də dilə gətirib. O, Azərbaycanın dəstək məqsədi ilə sülhməramlılarını Əfqanıstana göndərməsinə görə minnətdarlığını da ifadə edib. Bildirib ki, Azərbaycan 11 sentyabr hadisəsi zamanı ABŞ-a dəstək verən ilk ölkələrdən olub və həmin vaxtdan etibarlı tərəfdaş olaraq qalır. M.Karpenter onu da əlavə edib ki, ABŞ regionda təhlükəsizlik və sülhün təminatında maraqlıdır. Onun sözlərinə görə, bu, ABŞ-ın uzunmüddətli marağıdır....

.....Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun digər üzvü, Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə də qəzetimizə açıqlamasında deyib ki, Azərbaycan ABŞ ilə uzun illərdir əməkdaşlıq edir. Deputat bildirib ki, Azərbaycan antiterror koalisiyasının ən fəal üzvlərindən biridir: "Azərbaycan özü də terrordan əziyyət çəkdiyinə, dəfələrlə ölkəmizə qarşı terror aktlarının həyata keçirilməsinə görə rəsmi Bakı terrorla mübarizədə əməkdaşlığını bilavasitə ortaya qoyub. Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri Əfqanıstanda hal-hazırda da antiterror əməliyyatlarında iştirak edirlər. Bundan başqa, Azərbaycan ABŞ ilə NATO-nun hərbi qüvvələrinə çox ciddi logistik dəstək verir. Bu dəstək həm Amerika, həm də NATO qüvvələri tərəfindən yüksək dəyərləndirilir. Azərbaycan bilavasitə Amerika və NATO ilə əməkdaşlığı çərçivəsində ölkəmizin Silahlı Qüvvələrinin müasir istiqamətdə inkişafı üçün də çalışır. Bu istiqamətdə də əməkdaşlıq əlaqələri davam etdirilir. Bu çərçivədə bir uğurlu layihə barədə də fikrimi çatdırmaq istəyirəm. Amerikanın Oklahoma ştatının Milli Qvardiyasının Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə əməkdaşlığı da öz müsbət nəticəsini verməkdədir. Düşünürəm ki, bütün sahələrdə ölkələrimiz arasında əməkdaşlıq əlaqələri daha da güclənməlidir. Əvvəla bunun üçün böyük potensial var. Digər tərəfdən, bu, Azərbaycan dövlətinin də maraqlarına xidmət edir”.

Rufik İSMAYILOV
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə